Mayın 14-də Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov videoformatda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə, eləcədə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Müşavirənin məqsədi karantin rejimi dövründə rayonda mövcud vəziyyət, Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrlə bağlı olub.

Unikal.org xəbər verir ki, rayon rəhbəri “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Nazirlər Kabinerinin 01 may 2020-ci il tarixli qərarından irəli gələn məsələlər barədə geniş məlumat verib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış  vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, ictimai nəqliyyatda koronavirus infeksiyasının  profilaktikasına dair metodiki göstərişlər, ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər və Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişləri nəzərə çatdıraraq qeyd olunan vəsaitlərin bütün sahələrə aidiyyəti üzrə çatdırıldığını bildirib. 

Müşavirədə rayon İH başçısı Malik İsaqov son vaxtlar ölkə başçısının istər mərkəzi icra hakimiyyəti orqanlarında, istərsə də yerli icra hakimiyyəti orqanlarında apardığı ciddi kadr islahatlarından danışaraq bu addımların xalq tərəfindən rəğbətlə qarşılandığını qeyd etdi. 
Rayon rəhbəri cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət göstərməsindən danışaraq bildirdi ki, dövlət tərəfindən köçkünlərə çox böyük diqqət göstərilir. Onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük, ölçüyəgəlməz işlər görülür. Cənab Prezident məcburi köçkünlərin mənzillərlə təminatı zamanı ciddi nöqsanların olduğunu, köçkünlərin dəqiq uçotunun aparılmadığını və bunun nəticəsində sosial ədalət prinsipinin pozulduğunu qeyd etmişdir.  Ona görə də bu sahəyə daha diqqətlə yanaşılmasını nəzərə çatdırdı. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar inzibati ərazi nümayəndələrinə bir daha siyahıların dəqiqləşdirilməsini tapşırdı. Qeyd etdi ki, bu işdə hamı birgə fəaliyyət göstərməlidir. Dəqiq uçot aparılmalıdır. Nöqsana yol verən hər bir məsul şəxs ciddi cəzalandırılacaq. 

Rayon Vergilər və Maliyyə  şöbələri bir daha işini gücləndirməlidir. Qeyd etdi ki, rayon dövlət büdcəsindən dotasiya almır.  Qeyd olunan bütün nöqsanların olmaması üçün hər kəs vicdanla işləməlidir. Görülən işlərin tez-tez təhlil edilməsini, hər bir idarə, müəssisə və təşkilat rəhbərinin qeyd olunanlardan ciddi nəticə çıxarmasını və var qüvvəsi ilə, vicdanla işləmələrini tapşırıb.

Sonda Malik İsaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması işində səmərəliliyin artırılması məqsədilə cənab Prezident Fərman imzalayıb. Bu fərmanla qəbul Qaydaları təsdiq edilib. 
Burada əsas məqsəd vətəndaşların videoqəbulunu təşkil etməkdir. Bunun üçün yerli İcra Hakimiyyətlərinə zəruri tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edilib ki, vətəndaş müraciətlərinə hamı həssas yanaşmalıdır. Vətəndaşla kobud, vəzifəli şəxsə yaraşmayan hərəkət edən şəxslər barədə ölçü götürüləcəyini bildirib.