Braziliyanın "San Paulu" komandasının sabiq futbolçusu Flavio Donizete 2005-ci ildə klublararası dünya çempionatında qazandığı qızıl medalı satıb.

Unikal.org xəbər verir ki, bu barədə "Globo Esporte" nəşrinə keçmiş müdafiəçinin özü açıqlama verib. Donizete bu addımı narkotik almaq üçün atdığını bildirıb: "Medalı 7 min Braziliya realına (1 275 ABŞ dolları) satdım. Yalan danışmağın mənası yoxdur. Dəyərini bilsəydim, daha əvvəl satardım".

Veteran oyunçunun sözlərinə görə, medalı satmağı ona əmisioğlu məsləhət görüb: "Əmimoğlu bu təklifindən bir həftə sonra yazdı ki, müştəri var, 3 min real verməyə razıdır. Bunun nəğd olub-olmadığını soruşdum. O isə pulu nəğd verəcəyini söylədi. Əmioğlu gəldi, pulu da gətirdi. Medalı ona verəndən bir müddət sonra bildim ki, onu 7 min reala satıb. Buna görə hələ də məndən üzr istəyir. Mənim hansı halda olduğumu bilmirdi".

36 yaşlı veteran futbolçu narkotik vasitəni küçədə qəbul etmədiyini söyləyib: "Gedib alıb evə qayıdırdım. Əvvəlcə bunu yanacaqdoldurma məntəqəsində edirdim. Bir müddətdən sonra isə evdə qəbul etməyə başladım. Artıq aludəçisi idim".

Keçmiş müdafiəçi medala görə aldığı pulun hamısını kokainə xərclədiyini etiraf edib: "Əvvəlcə 1000 reala aldım. İki günə hamısını istifadə etdim. Ürəyim sancırdı. Nə qədər çox pulum olurdusa, o qədər çox narkotik istəyirdim".

Donizete deyib ki, kokainlə tanışlıqdan sonra hər şeyini itirib: "Əvvəlcə az qəbul ediridm. Kokain həyatımdakı əsas şeyə çevrilənə qədər əlimdə olanların hamısını itirməyə başladım. Qazandığım pulları narkotikə xərcləyirdim. Özümü dozasız qalmağa qoymurdum. Səhər, günorta və axşam kokain qəbul etməli olurdum. Bu gün də yanımda olan həyat yoldaşım, qızlarım və ailəmdən başqa hər şeyimi itirdim".

Qeyd edək ki, "San Paulu" 2005-ci ilin dekabrında Yaponiyada keçirilmiş klublararası dünya çempionatının finalında İngiltərə "Liverpul"una 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.