Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi bəyanata xüsusi diqqət yetirməyimizə ehtiyac var. Söhbət Dağlıq Qarabağdakı separatçı, qanundan kənar bir rejimin keçirdiyi “seçkilər”ə Avropa Şurasının heç bir reaksiya verməməsindən gedir. O boyda təşkilat, “qoca qitə”nin yeni üzvlərinə demokratiya dərsi keçən AŞ 30 ilə yaxındır beynəlxalq hüquq normalarını qulaqardına vuran bir ovuc separatçının avantürasına susur. Özü də bütün dünyanın, mötəbər, iri beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin tanınmamış qurumun təxribatını pisləmələri fonunda…
Yəni bunu necə izah etmək olar? Ayrı-ayrı fərdlərin “hüquqlarının müdafiəsi” adı altında qətnamələr qəbul olunur, mənfi ictimai rəy formalaşdırılır, beynəlxalq linç kampaniyası həyata keçirilir, ancaq 1 milyon vətəndaşımız, Avropa dövlətinin sakini, avropalı yurdundan didərgin salınır, etnik təmizlənməyə, soyqırımına məruz qalır, 30 ildir vətənindən məhrum olur və bu cinayətləri törədən saxta qurum (əslində isə Avropanın digər dövləti – Ermənistan) AŞ tərəfindən heç bir qınağa məruz qalmır. ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlər qanunsuz seçkiləri pisləyir, ancaq elə bu dövlətlərin də təmsil olunduqları təşkilat - AŞ susur.
Cənab Prezident haqlı şəkildə xatırladır ki, 2001-ci ildə AŞ Azərbaycanı və Ermənistanı sıralarına qəbul edərkən qarşımıza öhdəliklər qoyub. Bu öhdəliklərdən biri və əslinə qalsa, bizim üçün ən vacibi Dağlıq Qarabağ probleminin həllidir. Yəni hər iki dövlət sülhə gəlmək istiqamətində AŞ qarşısında öhdəlik götürüblər. Öhdəliklərin monitorinqini AŞ həyata keçirir. Deməli, qurumun məruzəçilərinin birbaşa borcu və səlahiyyətləridir ki, keçirilmiş saxta seçkilərə münasibət bildirsinlər. Ancaq susurlar.
Tərəflərdən birində Qarabağ mövzusunda azacıq kompromisə getmək istəyən öldürülür, dövlətin bütün siyasi elitasını qanunverici orqanda qətlə yetirirlər. Paytaxtın mərkəzində Hitlerlə əməkdaşlıq etmiş faşistə 6 metrlik heykəl qoyulur, fetişləşdirilir, dünyaca məşhur erməni terrorçuları təmtəraqla dəfn edilir, ilahiləşdirilir. Digər tərəfin isə 1 milyon vətəndaşının hüquqları kobudcasına tapdanır və bütün bunlara diqqət yetirməli olan təşkilat qanundan kənar seçkilərə münasibət bildirmir…
Prezidentimiz cənab İlham Əliyevin “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” sözlərini unutmamalıyıq!
Elnur Allahverdiyev
Milli Məclisin deputatı