Dünyanın ən məşhur qarışıq döyüş sənətləri təşkilatı UFC -nin rəhbəri Dana Vaytın təklifi mətbuatın gündəminə düşüb.
Unikal.org xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qurum rəhbəri peşəkar döyüşçülərin ABŞ-ın küçələrdə nizamı bərpa edə biləcəklərini deyib:
"Bəlkə də küçələri təmizləmək və bütün qarşıdurmanı dayandırmaq üçün UFC döyüşçülərini göndərməliyəm deyə düşünürəm".
Xatırladaq ki, bir neçə gün öncə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bundan sonra ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə olunub.