Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində evin həyətində qazıntı işləri aparılarkən mərmininin tapılması barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.
Agentlikdən Unikal.org-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qruplar, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.