2020/2021-ci tədris ili üçün Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə qəbul prosesi davam edir.
Unikal.org xəbər verir ki, BMU-nun magistratura planında 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılıb. Belə ki, onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer isə ingilis bölməsinin payına düşür. Universitetin MBA proqramında isə 6 ixtisaslaşma üzrə 275 yer ayrılıb ki, onlardan 210 yer Azərbaycan, 65 yer ingilis bölməsi üçün nəzərdə tutulub. Magistratura səviyyəsi və MBA proqramı üzrə dərslər isə axşam saatlarında təşkil olunur.
Magistratura səviyyəsi və MBA proqramı üzrə tədris prosesini təşkil etmək üçün BMU-da yüksəkixtisaslı elmi-pedaqoji kadrlar fəaliyyət göstərir. Bununla bərabər xaricidilli şirkətlərdə işləyən mütəxəssislərə, xüsusilə iqtisadiyyat və logistika yönümlü mütəxəssislərə daha çox üstünlük verilir. Bunun əsas səbəbi isə onların müasir texnologiyaları, mütərəqqi fikirləri təhsilə gətirmələri ilə bağlıdır.
BMU-da təhsilin ingilis dilində və yüksək keyfiyyətdə tədris olunması gələcək mütəxəssislərin dünya miqyasında tanınmağına böyük əsas yaradır. Həftənin şənbə günləri müxtəlif şirkətlərdən təcrübəli mütəxəssislər dəvət olunaraq BMU-da təhsil alan magistr tələbələr üçün seçmə dərslər təşkil olunur. Bununla yanaşı, xarici ölkələrlə tələbə mübadilə proqramlarından istifadə imkanları mövcuddur. Magistr tələbələrinin yataqxana ilə təmin olunmasına da şərait yaradılıb.
Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısı ilə http://www.beu.edu.az/az/page/magistratura-ixtisaslar-159 linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, növbəti tədris ilində BMU-nun magistratura səviyyəsi üzrə bir neçə yeni ixtisasın, o cümlədən Nəqliyyat logistikası ixtisasının açılması gözlənilir.