Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədiylə 9 şəhər və rayonda sərt karantin tətbiq olunmasına baxmayaraq, bəziləri buna əməl etmir.

Unikal.org qafqazinfo.az-a istinadən xəbər verir ki, karantin rejimini pozan şəxslər arasında şou-biznes nümayəndələrinə də rast gəlmək mümkündür.

Belə ki, indiyədək Manaf Ağayevin sosial məsafəyə əməl etməyərək iftar süfrəsi açması, rəqqasə Renkanın (Rəna Ağamuradova), aktrisa Pərvin Abıyevanın ad günü tədbirlərində iştirak etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və birmənalı qarşılanmayıb.

Bu dəfə isə müğənni Kərim Abbasov Novxanıda yerləşən "Resttime" restoranının müştəriləri üçün səhnəyə çıxıb. Bunu təsdiqləyən görüntüləri ifaçı şəxsi instaqram hesabında paylaşıb. O, 4 ay sonra səhnəyə çıxdığını paylaşımında qeyd edib.

Videodan göründüyü kimi, müştərilər karantin rejiminin bir neçə tələbini kobud şəkildə pozublar. Əvvala, karantin rejimi ilə əlaqədar Azərbaycanda toyların, ad günü mərasimlərinin və bu cür əyləncələrin təşkilinə icazə verilmir. Bundan başqa, 10 nəfərdən artıq şəxsin bir yerə toplaşmamalıdır. Eyni zamanda müştərilər kafe və restoranlarda sosial məsafə qaydalarına əməl etməlidir.

Xatırladaq ki, bundan əvvəl rəqqasə Renkanın qatıldığı ad günü partisinin 11 iştirakçısı İnzibati Xətallar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimələnmişdi. Bundan başqa, obyekt sahibinə 1500 manat cərimə kəsilmişdi.