Bu həftə ərzində də sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edilə bilər, həftənin 5-ci, 6-cı günləri sərt karantin rejimi tətbiq olunacağı gözlənilir.
Unikal.org-un məlumatına görə, bu barədə ötən həftə Operativ Qərargahın brifinqində jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi. O, qeyd etmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.
Qeyd olunan karantinlə bağlı Trend-ə açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb. O, qeyd edib ki, əgər həftə sonu deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, yoluxma sayındakı dinamikə nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.