Koronavirus pandemiyasının yaratdığı təhlükəli vəziyyət davam edir. “COVID-19” virusuna yoluxma sayının artması hər kəsi narahat etməkdədir. Bu səbəbdən də bəzi ictimai-siyasi fəal şəxslər vətəndaşaları diqqətli olmaq və sosial izolyası qaydalarına əməl etməyə çağırıb.
Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ictimaiyyətə müraciət edib.
İradə İbrahimova vətəndaşları diqqətli olmağa, izolyasiya qaydalarına əməl etməyə çağırıb:
“Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz... Kimisə inandırmaq üçün də deyil, həqiqətən real durumu anlatmaq üçün deyirəm. Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət insanların laqeyidliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir. İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən bir daha itirmək istəmirəm... Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur. Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir? Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün... Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam... Nə ilə bitəcək bu? Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik? Məncə yox!!! Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, "inanmayan" çoxluğu, başqalarının həyatına "qəsd" etməsinlər, deyə qınayaq. Yaxud da öz tərəfimizdən bu gün həyəcanla acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat katibinin depressiv durumuna dəstək olaq. Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi "inamsızların" yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq. Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq. Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır... Biz, bu bəladan qorunmağı bacaran nə gürcülərdən, nə də digər xalqlardan acız deyilik. Birləşək, bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq. Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin. Məsuliyyətsiz insanların günahı ucbatından günahsız insanlar bu bəlanın qurbanı olsun”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə İradə İbrahimovanın çağırışa dəstək olaraq, bunları deyib:
“Pandemiya dövrünü ağır şəkildə yaşayanlardan biri də mənəm. Bacım Aytən Nəzirova Mərkəzi Gömrük Hospitalında işləyir. Artıq neçə gündür ki, bacım öz ailəsindən, körpə balasından uzaq düşüb və "Covid-19"la mübarizə aparan insanların müalicəsi ilə məşğuldur.
O uşaqların anaları üçün nə qədər ağladığını, "Skype" vasitəsilə anaları ilə danışdıqlarında nə qədər darıxdıqlarını mən görürəm. Mənim bacımın vəziyyəti, yorğunluğu, gözünün altının şişini görəndə ürəyim ağrıyır. O hər dəfə bizimlə danışanda deyir ki, artıq "inanmıram, yalandır" söhbətlərini kənara qoymaq lazımdır.
Bütün bunları görən bir insan kimi həm özüm, həm də ətrafım üçün narahatlıq keçirirəm. Mən dükanda məsafə saxlayıram və bunu uzaqda dayanmaq kimi qəbul edib qarşıya keçirlər. Yəni, kim məsafə saxlayırsa, onun növbəsinə girirlər. Yaxud da maska taxmayaraq mənə yaxın gələnlərə "xahiş edirəm, məndən bir az aralı durun" deyəndə mənfi reaksiya alıram. Buradan həmin insanlara demək istəyirəm ki, bir gün sənin də qohumun, yaxının və yaxud da sən özün bu xəstəliyə yoluxa bilərsən. İstəmərəm ki, insanlar o vaxtı ayılsın. O gəlib çatmamış biz artıq ayılaq".
Murad İbrahimli