Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasında buraxılış işlərinin onlayn müdafiəsi keçirilib.
Unikal.org xəbər verir ki, müdafiə prosesində iştirak edən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib. O, tələbələrin fikirlərini ingilis dilində səlis və çox dolğun şəkildə izah etmələrini yüksək qiymətləndirib. Buraxılış işlərini müdafiə edən tələbələri təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənovun sədrliyi ilə keçirilən müdafiə proresində iştirak edən 8 nəfər tələbə əhatəli, eyni zamanda dolğun yazdıqları buraxılış işlərini müdafiə ediblər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr yüksək nəticələr qazanıblar.
Müdafiə prosesində BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Pedaqoji fakültənin Tədris işləri üzrə dekan müavini Seyran Qayıbov, Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev və kafedranın müəllimləri iştirak ediblər və tələbələri təbrik ediblər.
Tələbələr adından çıxış edən qrup nümayəndəsi Aytac Piriyeva biliklərinin formalaşmasında yüksək əməyi keçən bütün müəllimlərinə minnətdarlıqlarını bildiriblər, həmçinin BMU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
Məlumat üçün bildiririk ki, bu il BMU-da bakalavriat səviyyəsi üzrə 709 tələbənin yekun attestasiyası Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. 61 tələbə isə öz arzusuna uyğun olaraq onlayn dövlət imtahanında iştirak edəcək. 25 bakalavr üçün buraxılış işlərinin onlayn müdafiəsi keçiriləcək. Magistratura səviyyəsində isə 129 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.