Bu gün Bakının küçələri yenidən dezinfeksiya edilib.
Unikal.org xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat daxil olub.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Paytaxt küçələrində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən bu dezinfeksiya işlərində fəal iştirak etmişlər.
Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.