"Siz Ermənistana Gürcütsan vasitəsi ilə benzin satrısınız. Amma Azərbaycan vətəndaşlarının isə benzinə ehtiyacı var."
Unikal.org xəbər verir ki, bu sözlər Mirşahin Ağayev müəllifi olduğu “Mirşahinin vaxtı” verilişində səsləndirilib. Verilişdə 1992-1993-cü illərdə Əbülfəz Elçibəy hakimiyyətinin qurumların rəhbərliyi ilə keçirdiyi fövqəladə iclasdan bəhs edilir. Həmin iclasda Ə. Elçibəy hökumətin bəzi qurumlarının Ermənistana benzin satdığından danışır. O, Azərbaycan tankının, döyüş maşınlarının, helikopterlərinin yanacağını oğurlayıb Ermənistana satan dövlət adamlarını ittiham edir. Cəbhə hakimiyyətinin vaxtında keçirilmiş fövqəladə iclasda Əbülfəz Elçibəy bildirib ki, ölkə talanır, sərvətləri oğurlanır, ermənilərə gizli yollarla yanacaq satılır. Bununla yanaşı, o zamankı dövlət katibi Əli Kərimli də çıxış edərək ölkənin talan olduğunu, rüşvətxorluğun baş alıb getdiyini, dövlət əmlakının, hökumət avtomobillərinin qanunsuz yollarla özəlləşdirilildiyini və bütün bu kimi cinayət əməllərində yüksək çinli dövlət məmurlarının iştirakı olduğunu qeyd edir.
Həmin iclasda Ali Məhkəmə sədri, hüquq mühafizə orqanlarının rəhbərləri də danışıb. Onlar da Prezidentin və dövlət katibinin dediklərini təsdiq edərək ölkə sərvətlərinin talandığını, texnikaların oğurlandığını, Gürcüstanda yaradılmış və fəaliyyəti yalnız kağız üzərində olan qurama şirkətlər vasitəsi ilə ermənilərə benzin satıldığını deyiblər.
Qeyd edək ki, bir sözlə həmin dövrdə hakimiyyətin başında dayananlar açıq şəkildə bəyan ediblər ki, ölkə uçurumun astanasındadır və dağılır.