İyunun 28-də saat 09 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur.
Qazax rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur.
İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.