Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxanada COVİD-19 virusuna yoluxmuş xastələrin müalicəsinə başlanılıb.
Unikal.org Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən müalicə müəssisəsində quraşdırılan avadanlıqlar koronavirusa tutulmuş insanların tez bir zamanda sağalmasına imkan verir.
Xəstəxanada yerləşdirilən pasiyentlər burada yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, cari ilin iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Onların arasında Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi də yer alır. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Məlumat üçün bildirək ki, modul tipli xəstəxananın qurulması üçün mütəxəsislər Türkiyədən dəvət olunub.