"Soyuq müharibə"siz ötən 23 il
11:50 06-12-2012
DÜNYA
"Soyuq müharibə"siz ötən 23 il
Və ya 43 illik müharibə dönəminə yeni baxış
Həmin tarixdən 23 il ötür. 1989-cu ilin 3 dekabr günü ABŞ prezidenti Corc Buş və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Birləşmiş Ştatlarla Sovet İttifaqının bir-birinə rəqib olmadıqlarını bəyan etdilər. Həmin vaxtdan 3 dekabr tarixə "soyuq müharibə"nin başa çatdığı gün kimi düşdü. "Soyuq müharibə" nə idi, bu barədə çox yazılıb və deyilib (168.az).
Əslində onun haqqında söylənilənlərə hər hansı əlavələr etmək də olmur. Təbii ki, bəzi istisnaları və yarım əsrə qədər ömür sürmüş proseslə əlaqədar yeni ortaya çıxan faktları da unutmaq olmaz. Amma bu yazıda heç də hansısa yenilikdən söhbət açmayacağıq...
Ondan başlayaq ki, "soyuq müharibə" təcrübəsi yüzilliklər boyu insan təfəkkürünün məhsulu olaraq qərarlaşmış bir sıra baxışları məhv etdi. Məsələn, həmin vaxtadək hesab edilirdi ki, xalqı uzun müddət aldatmaq olmaz. Bu tarixi proses isə göstərdi ki, müasir ideoloji vasitələrin köməyilə xalq kütlələrini manipulyasiya etmək, onları müxtəlif istiqamətlərə yönləndirmək mümkündür.
"Soyuq müharibə"də kim nə ilə
silahlanmışdı?
"Soyuq müharibə"nin başlıca silahı ideoloji vasitələr, təbliğat və psixoloji faktorlardır. Qərb məhz onları işə salaraq Sovet İttifaqı insanının beyninin dərinliklərinin, ondakı məxsusi hislərin öyrənilməsinə çalışdı. Hədəf kimi ən aşağı inlelluktual səviyyəni və "qırmızı adamların" hətta bəsit keyfiyyətlərini götürdı. Yəni, Qərb mübarizəyə sırf məfkurə davası zəminində yanaşdı. Çünki kommunizm tarixi arenadakı ilk addımlarındanca özünü anti-kapitalist mövqe sərgiləyən ictimai-siyasi formasiya kimi göstərmişdi. Təbii ki, bu, Qərbçilik tərəfdarlarının xoşuna gələ bilməzdi.
Hələ 1917-ci ilin oktyabr inqilabından sonra kommunizmə nifrət Qərb həyatının ayrılmaz tərkib hissəsi oldu. Sovetlər Birliyi isə dünyanın bir çox ölkələri üçün necə deyərlər, yoluxdurucu nümunəyə çevrildi. Kommunizm meylləri Qərbin ən aparıcı ölkələrini belə təhdid etməyə başladı. Buna reaksiya kimi Almaniyada nasional-sosializm, İtaliyada və İspaniyada faşizm yarandı. Nəticədə kommunizm təhlükəsininin yayılmasının qarşısını alındı. Amma proses müvəqqəti səciyyə daşıdı. Almaniya məğlubiyyətə uğradı. Qərbin dolayısıyla bolşevizmə qarşı çevirdiyi Hitler kabusu elə onun özünü varlığına da təhlükə törətdiyindən "qırmızılara" dəstək verməkdən başqa əlac qalmamışdı. Digər tərəfdən, bu dəstəyin özü də xeyli dərəcədə gözləmə mövqeyinin tutulmasından sonra baş verdi. Həmin müddətdə SSRİ-nin müharibəni udacağı qətiləşmişdi. Başqa sözlə desək, kommunizm nasional-sosializmlə mübarizədən qalib ayrılaraq bir ideoloji sistem kimi özünü təsdiqləmişdi. Onunla silah gücü ilə mübarizənin mümkünsüzlüyü təsdiqini tapdı. Belədə SSRİ-nin 1945-ci ilə təsadüf etmiş zəfərini alqışlamaqdan başqa çıxış yolu qalmırdı ki, bunu Qərb etdi. Həmin Qərb sonradan daha böyük miqyas daşıyacaq savaşa - "soyuq müharibə" start verdi.
Qərb bolşevizm
təhlükəsi qarşısında
Amma "soyuq müharibə"ni yalnız sosial sistemlərin qarşıdurması kimi dəyərləndirmək yanlışlıq olardı. Çünki Rusiya hələ 1917-ci il inqilabınadək Avropa ölkələrinin kolonizasiya sferasında idi. İnqilabın baş verməsi ilə həmin təsir dairəsi itirildi və itirilmişlərin bərpası strateji əhəmiyyət daşıdı. Hitler üçün də kommunizmə (bolşevizmə) qarşı mübarizə məqsəd deyil, bəhanə idi. O istəyirdi ki, SSRİ-nin həyati əhəmiyyətli resurslarını ələ keçirsin, ölkədə yaşayanları yeni tipli qullara çevirsin. Sovet İttifaqının Almaniya üzərində qələbə qazanması və onun nüfuz dairəsinin genişlənməsi Qərbi yenidən bolşevizm təhlükəsi ilə baş-başa qoydu.
Mövcud vəziyyətdə güclənməkdə olan kommunizm tendensiyasına qarşı mübarizə - "soyuq müharibə" ideyası təbii proses kimi meydana çıxdı. Çünki istər müharibəyə qədərki onilliklərdə baş verənlər, istərsə də ondan sonrakı meyllər Sovetlər Birliyinin ilhaq kursunun mövcudluğunu göstərirdi və o zaman buna qarşı çıxmağın çətinliyi də aşkar xarakter almışdı.
"Soyuq müharibə"
necə başladı?
"Soyuq müharibə" təşəbbüsü Qərbə, ən əsası isə ABŞ-a məxsusdur. Bu heç də gizlədilmirdi, əksinə sovet totalitarizminə qarşı böyük mübarizə kimi pafoslu təqdimata əsaslanırdı. Adətən prosesin başlanğıcı kimi müxtəlif hadisələr göstərilir. Bu baxımdan 1946-cı ildə Böyük Britaniyanın baş naziri Uinston Çerçilin Avropaya sovet təsirinin qarşısını alınması məqsədilə qitə boyu "dəmir hasar" çəkilməsi kimi avantüranı dilə gətirməkdən də söz açmaq mümkündür.
Amma "soyuq müharibə" ilk dəfə termin olaraq 1947-ci ildə ABŞ prezidenti Trumenin məşhur doktrinasında işlədildi. Sənəd Avropaya sovet təsirinin güclənməsinin qarşısının alınmasına çağırış mahiyyəti daşıyırdı. Elə həmin il ABŞ-ın SSRİ-dəki səfiri Corc Kennanın hazırladığı doktrina sovet ideologiyasının Avropaya ayaq açmasına qarşı bənd qurulmasını nəzərdə tuturdu. Təbii ki, bu deyimlərin arxasında Qərb insanının kommunizmə münasibətdə bəlli ideoloji məfkurə ilə cilalanması fikri dayanırdı.
ABŞ-ın təsiri ilə Marşal planı hazırlandı ki, onun məqsədi Qərbi Avropa ölkələrinin möhkəmləndirilməsini və onların bolşevizmin təsirinə qarşı müqavimətinin formalaşmasını nəzərdə tutdu. 1949-cu ildə NATO yaradıldı. 1950-ci ildə isə Vaşinqtonda Sovet İttifaqına qarşı strateji mübarizə məqsədinə köklənmiş Milli Təhlükəsizlik Şurasının 68 nömrəli direktivi qəbul edildi. Birləşmiş Ştatların siyasətçiləri bütövlükdə "soyuq müharibə" dönəmində həmin sənədə sadiq qaldılar. Çünki sözügedən direktiv mübarizənin xarakterini müəyyənləşdirirdi. Təbii ki, bundan sonra da çoxsaylı sənədlər işlənib hazırlandı.
Bir qayda olaraq "soyuq müharibə" ifadəsi İkinci Dünya Müharibəsindən sonra kommunist və Qərb dünyası, xüsusən də ABŞ-la SSRİ arasındakı münaqişəli durumun ümumi adı kimi işlədilir. Amma sual yaranır - nəyə görə müharibə soyuq adlandırılırdı. Təbii ki, ona hərbi texnikanın cəlb edilmədiyi üçün. Amma bir sıra Qərb dairələri məsələyə münasibət bildirərkən vurğulayırlar ki, ziddiyyətlərin belə demək mümkünsə, isti müharibə şəraitində aydınlaşdırılması axmaqlıq olardı. Yer üzündəki həyat dözülməz hala gələrdi. Digər tərəfdən, köhnə qitədə belə təəssürat qəti şəkildə formalaşmışdı ki, kommunizm rejimini hərbi yolla devirmək mümkünsüzdür. Amma isti müharibənin izləri də nəzərə çarpmışdı. Koreya, Vyetnam və Əfqanıstan savaşları buna misal göstərilə bilər.
Tədricən "soyuq müharibə"ni ikinci cahan savaşından sonra ABŞ və SSRİ arasındakı konflikt çərçivəsindən kənara çıxarmaq zərurəti yarandı. Proses mahiyyət etibarilə bütövlükdə dünyanı və insanların həyatını - iqtisadiyyatı, siyasəti, diplomatiyanı, ideologiyanı, mədəniyyəti, idmanı, turizmi, bir sözlə bəşər övladını əhatə edən hər şeyi öz cənginə aldı. İnsanlara təsir üçün hər bir vasitədən - radiodan, televiziyadan, tədbirlərdən, diskussiyalardan, mədəniyyət mübadiləsindən, konqreslərdən, məxfi materiallardan istifadə edildi. Bu zaman rəqibin ən zəif cəhətləri, insanları sarsıldan salan ümumi hallar - mili ayrıseçkilik, dini baxışlar, qorxu, eqoizm, sevgi və sair məsələlər dəqiqliklə araşdırıldı. Beləcə "soyuq müharibə" əslində dünyanın yeni tipli müharibəsinə çevrildi.
"Soyuq müharibə"nin
də öz faciələri
Zaman keçdikcə "soyuq müharibə" yalnız Avropaya sovet təsirinin ayaq açmasının qarşısının alınmasına yönələn proses mahiyyətini dəyişdi, bir növ, müdafiə taktikası hücumla əvəzləndi və SSRİ-nin, eləcə də kommunist blokunun məhvi başlıca hədəf kimi müəyyənləşdi. Mübarizə xalqların kommunizmdən azad edilməsi ideologiyası altında aparıldı və ortaya xalqlar arasında dostluq, demokratik azadlıqlar, insan haqları kimi dəyərlər atıldı.
Əlbəttə, "soyuq müharibə" dönəmində təsadüflər, improvizasiyalar, faciələr də yaşandı. Amma onun öncədən hazırlanmış ümumi strategiyasında sapmalar olmadı. Müharibə planlı şəkildə gedirdi. Demək olar hər şey - böyük siyasi aksiyalardan tutmuş ayrı-ayrı adamların tapılmasınadək planlaşdırılmışdı. Maraqlıdır ki, bütün bunlar heç də gizli şəkildə edilmirdi. Planlar ayrı-ayrı siyasi xadimlərin baxışlarında, nəzəriyyələrində, müharibənin intellektual qərargahını təşkil edən sovetşünasların və kremlşünasların açıq çıxışlarında əksini tapırdı.
Müharibədə başlıca rolu isə ABŞ oynayırdı. Amma onun arxasında bütövlükdə Qərb dünyası dururdu. Demək, bu Birləşmiş Ştatlar başda olmaqla özünün yeni tipli mübarizə metodunu sırıyan Qərbin müharibəsi idi. Qərb tərəfindən müharibə hər cəhətləri ilə həm də biznes məsələsi idi. Bu mənada 1946-1989-cu illərdə dünyanın kommunist olmayan qütbündə iqtisadiyyatın, ümumən həyat aktivliyinin həddən artıq yüksəlməsi heç də təsadüf sayılmamalıdır. Bu gün də Avropa özünün yüksəlişi üçün məhz "soyuq müharibə"yə borcludur. Diqqət yetirsək, müharibənin başa çatmasından sonrakı dövr böyük hesabla 43 illik yüksəlişin iqtisadi enişlə və həyat fəallığının aşağı düşməsi ilə daha çox yaddaqalandır.
"Soyuq müharibə" bir-birinə qarşı olan qütblərin ən müasir silahlarla silahlandıqları, amma onların heç birindən praktik yararlanmadıqları müharibə dönəmi idi. Hesab edilir ki, əgər silahlardan istifadə edilsəydi, 1946-1989-cu illər arasında həlak olanların sayı faciəvi həddə çatardı. Hərçənd amerikalılar Yaponiyaya iki atom bombası atdılar. Amma daha təhlükəli vəziyyətlər yaşana bilərdi. Çünki qorxu hissi bir andaca ən ağlabatmaz qərarların çıxarılmasını şərtləndirirdi və 1962-ci ilin Karib böhranı vaxtı mövcud deyim təsdiqini tapdı - dünya üçüncü cahan savaşının bir addımlığında qaldı.
Bəli, 1946-1989-cu illərdə silahlanmaya böyük diqqət yetirildi. Qərbin bu sahədə işlər gördüyü barədə məlumatlar əldə edən SSRİ rəhbərləri silahların sayını NATO ölkələri ilə eyni səviyyədə saxlamaq kursu yeritdi. Amma ağlına belə gətirmədi ki, canlı qüvvə itkisinə yol verməmək bir növ, Qərbin mübarizə metodlarından sayılır. Qalmaqda, hətta sayı artmaqda olan əhali əlavə vasitə idi. İnsanları yedizdirmək, geyindirmək, evlə təchizatını həyata keçirmək, işlə təmin etmək lazım gəlirdi. Bu məqamda "soyuq müharibə" dönəmində SSRİ-nin əhalisinin 100 milyon nəfər artdığını vurğulamaq zərurəti yaranır. Belə bir gərginliyi Qərb ölkələrindən heç biri daşıya bilməzdi. Təkcə onu deyək: Almaniya birləşəndə əhalisi cəmi 17 milyon artmışdı, amma bu, ölkəni bərbad hala salmışdı. Özü də birləşənlər heç də kasıb əhali olmamışdı.
"Soyuq müharibə" zamanı başlıca silahlardan biri ideologiya, təbliğat və psioxoloji vasitələr idi. Bu üç amildən peşəkarlıqla bəhrələnən Qərb sovet cəmiyyətini tamamilə kökdən saldı. İlk növbədə bu təsir onun yuxarı təbəqələrinə, ziyalılara göstərildi. Nəticədə dünyanın ən böyük dövləti cəmi 43 ilin içərisində çökdü. Əslində Qərbdə çoxları müharibənin bu cür gedişini heç gözləmirdi də.
Belə deyilir ki, SSRİ-nin "soyuq müharibə"dəki məğlubiyyəti kommunizm quruluşunun kapitalizm ictimai-siyasi formasiyası qarşısındakı zəifliyinin nəticəsi idi. Əslində isə məsələyə bu cür izah çox bəsit olardı. Çünki sosialist bloku ölklərinin məğlubiyyəti müxtəlif mürəkkəb səbəblər kosmpleksi ilə bağlıdır. Amma bu, ümumən sistemin həyat qabiliyyətli olmamasının sübutu deyildi. Qərbin qələbəsi də mürəkkəb səbəblərdən qaynaqlanırdı və burada heç də kapitalizmin yüksək rolu qabardılmamalıdır.
Sadəcə Qərb Sovet İttifaqının zəif yerlərindən sistemli şəkildə istifadə etdi. Eyni zamanda bütün üstünlüklərini, o cümlədən kapitalizmin bir sistem olaraq bəşəriyyətə verdiyi üstünlüklərdən yetərincə yararlandı. Məhz bu anlamda demək olmaz ki, "soyuq müharibə" kapitalizmlə kommunizmin qarşıdurması idi. O abstarkt sistemlərin deyil, konkret xalqlar və ölkələrin davasıydı. Əslində real kommunizm cəmiyyəti onun hərəkətlərindən hansısa təhlillər çıxarmaq üçün çox az ömür sürmüşdü. Mövcud mənada "soyuq müharibə"nin özü də bir sistem davası kimi hansısa laborator sınaqlar obyektinə çevrilə bilmir.
Və sonda:
Sonda belə nəticəyə gəlmək mümkündür ki, "soyuq müharibə" həm Qərbin yaşamaq, həm də hegemonluq uğrunda mübarizəsi idi. İndi baş verənlər bunu daha çox isbata yetirir. Və indi baş verənlər onu da göstərir ki, "soyuq müharibə" şəraitinin qalması əslində Qərbin hazırda gerçəkləşdirdiyi planların əngəllənməsi baxımından da vacib idi.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47