20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.
DSX-nin Mətbuat Mərkəzindən Unikal.org-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.