İyulun 19-u saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.