Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, təkcə cari ilin iyun ayında birgə keçirilən tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozan 6 vəzifəli, 4 fiziki şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Onlara tətbiq olunan cərimələr 24 400 manat təşkil edib.
Ümumilikdə, cari ilin 6 ayı ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 508 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunan cərimələr 54 080 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.