Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İstitutuna direktor vəzifəsinə təyin edilib.
Bu barədə Unikal.org-a TƏBİB-dən məlumat verilib.
Məlumat üçün bildirək ki, Adil Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib. 1978-1981-ci illərdə elmi-tədqiqat fəaliyyətini Moskvada Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib və tibb elmləri namizədi alimlik dərəcəsini alıb. İlk dəfə olaraq Qlükoza-6-fosfatdehidrogenaza (G-6PD) fermentinin çatışmazlığı olan şəxslərdə istifadə edilən dərman preparatlarına qarşı olan həssaslığı in vitro təyin etmək üçün yeni metodu işləyib hazırlamaqla problemin həll olunmasında önəmli rol oynamışdır. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. A.Allahverdiyevin tədqiqatında ilk dəfə olaraq eyni zamanda malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edilmişdır ki, bunun da böyük epidemioloji və müalicəvi əhəmiyyəti vardır.
2006-cı ildə A.Allahverdiyev Yıldız Texniki Universitetinin Biomühəndislik kafedrasına (İstanbul) dəvət edilərək, burada kafedranın qurucularından biri, "Hüceyrə kulturası və toxuma mühəndisliyi" laboratoriyasının isə qurucusu və rəhbəri olaraq fəaliyyətini davam etdirib. Çox sayda beynəlxalq mükafatlara layiq görülüb, bundan əlavə, Türkiyədə yaşadığı illərdə diaspora fəaliyyəti ilə də məşğul olub.
Qeyd edək ki, A.Allahverdiyev bu gün kollektivə təqdim edilib.