“Xəzər günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin təmizlənməsinə başlanılıb.
ETSN-dən Unikal.org-a verilən məlumata görə, bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağını əhatə edəcək.
Belə tədbirlərdən biri bu gün Buzovna çimərliyinin dəniz sahili ərazisində olub.
Karantin rejiminin qaydalarına əməl olunmaqla təşkil edilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər iştirak ediblər.
Aksiyada 10 hektara yaxın ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir
Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.