Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib. 

Unikal.org xəbər verir ki, konfransda hazırkı dövr üçün aktual olan  beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib. 

Tədbirdə daşıyıcı şirkət rəhbərlərinin və sahibkarların iştirakı təmin olunub. Kofransda daşımalar sahəsində mövcud problemlərin müzakirəsinə də yer ayrılıb. Onlayn konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycan Respublikasında pandemiyanın qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində idxal, ixrac və eyni zamanda digər ölkələrə tranzit daşınan məhsulların səmərəli və effektiv çatdırılması üçün avtomobil nəqliyyatı ilə yükdaşımaları sahəsində məhdudiyyətlərin tətbiq edilmədiyini xüsusi vurğulayaraq, ölkəyə giriş-çıxış edən avtonəqliyyat vasitələrinə və onların sürücülərinə münasibətdə xüsusi tələblərin tətbiqindən və tələblərin icra mexanizmindən danışıb.