Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib.
Unikal.org xəbər verir ki, layihə çərçivəsində Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, batalyon komandirləri və gənclərin iştirakı ilə 100-dən çox video-çarx hazırlanıb.
Çəkilişlərdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, dövlətimizin başçısının daxili və xarici siyasəti, ordumuzun Tovuz istiqamətində erməni təxribatına qarşı apardığı döyüşlər, şəhid olan hərbçilərimizə göstərilən rəğbət və ehtiram, orduya ümumxalq dəstəyi ifadə edilib. Məcburi köçkünlər - ağsaqqallar, ziyalılar, fəallar, müharibə veteranları və digər sosial qrupların nümayəndələri Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücü və nüfuzunun daha da möhkəmlənməsi üçün ölkə başçısının ətrafında birləşməyin vacibliyini bildiriblər.
Video-çarxlarda eyni zamanda antimiilli qruplaşmaların mahiyyəti, xüsusən, belə qruplaşmaların sosial şəbəkələrdəki fəaliyyəti, onların yalan və iftiralarının ifşasının vacibliyi, gənc nəslin sağlam ruhda tərbiyəsinə diqqətin artırılması və s. məsələlər barədə ətraflı söhbətlər aparılıb. Bununla yanaşı, 90-cı illərin əvvəlində Azərbaycanda mövcud olan siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti, hakimiyyət üzərində mübarizə, orduda vahid komandanlığın olmaması və nəticədə ərazilərimizin işğalına səbəb olan faktorlara münasibət bildirilib.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu ilin əvvəlindən daha bir sosial layihəyə - “Əsgərə Salam” hərbi vətənpərvərlik aksiyasına start verib. Layihənin keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Hazırda həmin layihə də davam edir.