Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, eləcə də fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi əraziləri gəzərək təbliğat işləri aparıblar.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri həyata keçirilib. RİH başçısı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində, eləcə də küçə və prospektlərdə sakinlərlə söhbətləşib, onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.
Bundan əlavə, Abşeron rayonun hər kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Həmin qruplar kənd və qəsəbələrdəki küçələri və marketləri, eləcə də icazəli şəkildə fəaliyyət göstərən obyektlərdə maarifləndirmə-təbliğat işləri həyata keçiblər. Bu işlər bundan sonra da mütəmadi şəkildə, fasilə vermədən davam etdiriləcək.
Eyni zamanda Xırdalan şəhərində, şəhərinin park və xiyabanlarında, prospekt və küçələrində, bank və markertlərin qarşısında mütəmadi olaraq dezinfeksiya tədbiləri həyata keçirilir. Hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir. Qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur.