Pandemiya dövründə birbaşa ünsiyyət imkanlarının məhdud olmasını nəzərə alaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşları onlayn formatda qəbul edib. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, habelə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Unikal.org-a İH-dən verilən xəbərə görə, onlayn qəbul zamanı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın sağlamlığı, rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Həmçinin, şəhər rəhbəri koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.
Daha sonra vətəndaşlar öz müraciətlərini səsləndiriblər. Fərdi evin təmiri, yaşadığı əraziyə kanalizasiya xəttinin çəkilməsi, su xətti və sayğacın quraşdırılması, işlə təminat, torpaq sahəsinin ayrılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Onlayn görüş zamanı bundan öncəki qəbullarda məsələləri qanuna uyğun şəkildə həllini tapan vətəndaşlar isə ölkə başçısına və şəhər rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, bir çoxu yerindəcə öz həllini tapıb. Digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində müvafiq tapşırıqlar verilib.