Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti (MTU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri üçün onlayn ixtisasartırma təlimləri təşkil edib.

Universitetin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbi MTU arasında imzalanan ikili diplom proqramı çərçivəsində təşkil olunan təlimlərdə UNEC-in Rus İqtisad Məktəbinin 20 müəllimi iştirak edib. UNEC tərəfindən maliyyələşdirilən 2 həftəlik təlimlər hər iki ali təhsil müəssisəsi arasındakı ikili diplom proqramının fənlərini tədris edəcək UNEC müəllimləri üçün təşkil olunub.

Rusiya Ali İqtisadiyyat Məktəbinin müəllimlərinin keçdiyi təlimlər “İqtisadiyyata giriş”, “Xətti cəbr və riyazi analiz” fənlərinin müasir tədris metodları, fənlərin tədris proqramında olan növbəti fənlərlə qarşılıqlı əlaqəsi, fənn mövzularının tədris xüsusiyyətləri və digər mövzularda olub.

İki həftəlik kurslar uğurla yekunlaşıb və müəllimlərin qiymətləndirilməsi aparılıb. UNEC-in 20 müəllimi Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun xüsusi vəsiqəsini qazanıb. Müəllimlər UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbinin ikili diplom proqramının fənlərini tədris etmək imkanı əldə ediblər.

Xatırladaq ki, 12 may 2020-ci il tarixində UNEC-in rektoru, professor Ədalət Muradov və Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun rektoru Yaroslav Kuzminov arasında “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Marketinq” və “Menecment” ixtisasları üzrə bakalavr pilləsində ikili diplom proqramı imzalanıb. Proqrama əsasən, tələbələr ikili diplom proqramına I kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər.