Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Siyəzən rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən xəbərə görə, Sədan və Eynibulaq kəndlərinin içməli su probleminin həlli məqsədilə icra olunan layihəyə əsasən, kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur.
Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılacaq. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 ədəd nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastrukturlar hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş 6 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.
Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.