Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə builki məzunlarından biri Eldar Əliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Nizami rayonu Məzahir Rüstəmov adına 32 saylı tam orta məktəbdə alıb. 2016/2017-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanında 591 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisasına qəbul olub. 2019/2020-ci tədris ilində buraxılış işini uğurla müdafiə edərək Gömrük Akademiyasını "Fərqlənmə diplomu" ilə bitirib.
Unikal.org Eldar Əliyevlə müsahibəni təqdim edir:
- Eldar, doğma Akademiyadan hansı hisslərlə ayrılırsınız? Akademiyadakı təhsil haqda nə deyə bilərsiniz?
- Akademiyadan çox xoş hislərlə ayrılıram, çünki istər akademik, karyera sferasında, istərsə də bir fərd olaraq şəxsi inkişafımda Gömrük Akademiyasının böyük və əvəzolunmaz rolu oldu. Akademiyadakı təhsilə gəlincə, öncə deyim ki, Gömrük Akademiyası müasir dünya ilə ayaqlaşmaq üçün texniki və insani resursa malik bir ali təhsil ocağıdır. Akademiyada dərs deyən müəllimlər dünyanın müxtəlif aparıcı universitetlərinin məzunlarıdırlar və bu səbəbdən də iqtisadi məsələləri təkcə dərsliklərdən deyil, həmçinin real proseslərdən öyrənirdik, araşdırırdıq. Onu da qeyd etmək istəyirəm ki, çağdaş təhsil prosesi təkcə müəllim-tələbə əlaqəsindən ibarət deyil, burada mühüm bir rol olaraq maddi-texniki baza və universitet rəhbərliyinin təşəbbüskarlığı da böyük əhəmiyyət kəsb edir. Belə ki, Akademiyada həm tədris, həm də imtahan prosesi informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. O cümlədən, tədrisə dəstəkverici forma olaraq müxtəlif elektron resurslara giriş imkanı da mövcuddur. Bunlarla yanaşı, Akademiya öz tələbələrinin təşəbbüslərini dəstəkləyən ali təhsil müəssisələrindən biridir.
Təhsil aldığınız müddətdə hansı sosial layihədə, tədbirlərdə iştirak etmisiniz?
- Təhsil müddətində, fikrimcə, dərsdənkənar fəaliyyətim kifayət qədər məhsuldar olub. İlk olaraq, intellektual oyunları qeyd edə bilərəm. Belə ki, Azərbaycan Televiziyasında təşkil olunan "61!" və "Mən Azərbaycanlıyam" intellektual oyunlarında iştirak etmişəm, elə sonuncu adıçəkilən yarışın birinci mərhələsində qalib gəldiyim üçün diplom və noutbuk mükafatını qazanmışam. "VII Global Baku" forumunda, "WCO IT/TI" Konfransında, EYOF Bakı-2019-da könüllü kimi iştirak etmişəm. Həmçinin, AIESEC-də altı ay könüllü kimi fəaliyyət göstərmişəm. Asudə vaxtlarımda həm də müxtəlif yarışlarda, təlimlərdə iştirak etmişəm. 2019-cu ildə "Azerbaijan Public Speaking Competition"da 100-dən çox iştirakçı arasında finalçı olaraq fərqlənmə diplomunu qazanmışam. O cümlədən, Akademiya rəhbərliyinin etimadı sayəsində "Enactus" Milli Sahibkarlıq yarışmasında Akademiyanın komanda kapitanı olmuşam.
Akademik fəaliyyət baxımından 2019-cu il mənim üçün daha əlamətdar il olub, çünki Rusiyanın Sankt-Peterburq şəhərində VI Beynəlxalq i-Customs Konfransında yazdığım məqalə ilə təqdimatçı olmuşam və bir neçə müddətdən sonra "i-Customs Journal" dərgisində "Role of Customs Authorities in Simplification of Business Environment in Azerbaijan" ( “Azərbaycanda biznes mühitinin sadələşdirilməsində gömrük orqanlarının rolu” ) adlı məqaləm dərc olunub, eləcə də Dövlət Gömrük Komitəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının dəstəyi ilə Şimali Makedoniyanın Ohrid şəhərində "Make a difference:Learn how to achieve Business Excellence by breaking through Digital Frontiers"(“Fərqlilik yarat: Rəqəmsal hüdudları aşaraq biznes mükəmməlliyinə necə nail olmağı öyrənin”) adlı yay məktəbində iştirak etmişəm.
- Akademiya məzunu olaraq hansı keyfiyyətlərinizi məhz bu Akademiyada əldə etdiniz? Belə desək, Akademiya sizə nə verdi?
- Qeyd etdiyim kimi, Akademiyanın istər akademik bilik-bacarıqların qazanılmasında, istərsə də şəxsi inkişafımda rolu, təsiri böyük olub. İştirak etdiyim dərsdənkənar sosial fəaliyyətlərdə Akademiyanın bilavasitə dəstəyini hiss etmişəm. Akademiya mənə dərs və asudə vaxtımı düzgün planlaşdırmaq, nizam-intizamlı olmaq, auditoriya qarşısında çıxış etmək kimi kitab və dərsliklərdə olmayan bacarıqları aşılayıb. Deyə bilərəm ki, Akademiya öz tələbələrinin çalışqanlıq, əzmkarlıq, vətənpərvərlik kimi xüsusiyyətləri dərindən qavramasında, ölkəmiz və cəmiyyətimiz üçün yararlı vətəndaş olmasında xüsusi rol oynayır.