Gəncədə COVİD-19 pandemiyasının geniş yayılmasının qarşısını alınması istiqamətində mütamadi olaraq qabaqlayıcı tədbirlər aparılır.
Gəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, sərt karantin rejiminin yumşalmasından sonra belə pandemiya ilə mübarizədə lazımi işlər görülür. Şəhərdə aparılan maarifləndirmə, dezinfeksiya işlər mütamadi xarakter daşıyır. Bu günlərdə də, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qruplarının üzvləri şəhərin müxtəlif ərazilərində izahetmə-xəbərdarlıq işləri həyata keçirib. Əhalinin sıx olduğu məkanlarda, bazarlarda, ərzaq mağazalarında, o cümlədən ödəniş terminallarının qarşısındakı vətəndaşlarla qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahının tələblərinə ciddi riayət olunması ilə bağlı ticarət obyektlərinin sahiblərinə də göstərişlər verilib.
Bu sahədə görülən profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə görülür. Dezinfeksiya işləri şəhərin, mərkəzindəki küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.
Bundan başqa Gəncədə MKTİB-nin təmizlik şöbəsi tərəfindən iməcilik təşkil olunub. İməcilik şəhərin mərkəz küçələri ilə yanaşı digər ərazilərində də baş tutub. Ərazilərə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Parklarda, küçələrdə, yol kənarında olan bütün zibil yığnaqları yığılaraq ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, şəhərdə görülən profilaktik tədbirlər mütamadi olaraq davam etdirilir.