Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat davam edir.
BŞTİ-dən Unikal.org-a bildirilib ki, avqustun 17-nə olan məlumata əsasən, www.sy.edu.az elektron sistemi vasitəsilə liseylərin V sinfinə qəbul üçün 573 müraciət daxil olub. Onlardan 231-i Texniki-Humanitar Liseyə, 71-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 126-sı 147 nömrəli Texniki-Humanitar Liseyə, 145-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul olunmaq istəyən şagirdlərin valideynləri (və ya qanuni nümayəndələr) www.sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.
Qeyd edək ki, qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin avqustun 25-də təşkil olunması nəzərdə tutulur.