Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq və startap fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atacaq.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun sözlərinə görə gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi məqsədilə kompleks işlər aparılır, yeni layihələr və tətbiqlər hazırlanır. Əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaş-məmur təmasının tamamilə aradan qaldırılmasıdır ki, bu da gömrük sistemində resurslardan səmərəli şəkildə istifadə edilməsinə, iş adamlarının vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq.
T.Xəlilov qeyd edib ki, hazırda Komitənin mütəxəssisləri tərəfindən DGK-nın təqdim etdiyi bütün elektron xidmətlərin vahid elektron resurslarının cəmləndiyi "e.customs.gov.az" elektron portalının yaradılması istiqamətində iş aparılır. Belə ki, DGK tərəfindən iki fərqli elektron portal - elektron hökumət portalı "e-gov.az" və DGK–nın c2b.customs.gov.az portalları üzərindən, ümumilikdə 18 xidmət təqdim edilir. Bunlardan 13-ü elektron hökumət portalı "e-gov.az", 5-i isə DGK-nın c2b.customs.gov.az elektron portalı vasitəsilə təqdim olunur.
"e.customs.gov.az" portalı fəaliyyətə başladıqdan sonra istifadəçilərin rahatlığını təmin etmək məqsədilə bütün xidmətləri vahid məkandan əldə etmək mümkün olacaq. Üstəlik, elektron xidmətlərin sayının 33-ə çatdırılması planlaşdırılır. Yeni portal fiziki şəxslər, xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları, banklar, daşıyıcı şirkətlər üçün elektron xidmətləri əhatə edir.
Portal həmçinin ölkə başçısının innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində qarşıya qoyduğu məqsədlər istiqamətində atılan mühüm addımdır. Belə ki, yeni portal startapçılara dəstək məqsədilə elektron həllər toplusunu da özündə ehtiva edəcək. Burada startap lahiyələrin dəstəklənməsi üçün "Açıq məlumatlar" bölməsi nəzərdə tutulub və təqdim olunan açıq məlumatlar, "APİ"-lər vasitəsi ilə startapçılar və ya müəssisələr DGK-nın elektron xidmətlərini birbaşa öz elektron resurslarına inteqrasiya etmək imkanı əldə edəcəklər.
Portal, həmçinin "ASAN Login"-vahid giriş sisteminə də inteqrasiya edilib.
Daha bir yenilik isə "smart customs" mobil tətbiqinin reallaşdırılması ilə bağlı olacaq. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün elektron sərnişin bəyannaməsinin qəbulu üzrə elektron xidmət "smart customs" mobil tətbiqinə əlavə ediləcəkdir. Bununla da fiziki şəxslər tərəfindən ölkəyə gətirilən (aparılan) malın (əşya) mobil tətbiq vasitəsilə gömrük orqanına bəyan olunması təmin ediləcəkdir.