“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birbaşa təşəbbüsü və vəsaiti əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.
Unikal.org xəbər verir ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin verdiyi açıqlamalar, o cümlədən dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlərin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. Filmin bədii qrupu dənizçilər və hadisə iştirakçıları ilə çoxlu sayda görüşlər keçirib, onların xatirələrini lentə alıb. Nəticə olaraq, ssenari araşdırılan arxiv sənədlər, tarixi şəxsiyyətlərin memuarları, hadisə iştirakçılarının qeydləri və xatirələri əsasında yazılıb.
Qeyd edək ki, filmin ssenarisi 20 Yanvar hadisələrində qəhrəmanlıq salnaməsi yazan bütün Azərbaycan xalqı və dənizçilərimiz haqqındadır. Ssenaridə dənizçilərimizin Bakı buxtasında Sovet Hərbi Donanmasına qarşı mübarizəsi tarixi xronoloji ardıcıllıqla əks olunub. Bədii ssenari fərdi deyil, hadisələrdə iştirak etmiş bütün dənizçilərin qəhrəmanlıqlarını özündə ehtiva edir. Filmin əsas qayəsi isə otuz il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail olan xalqımız, o cümlədən dənizçilərin göstərdiyi inanılmaz şücaəti geniş auditoriyaya çatdırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Filmin ssenarisinin yazılmasına və çəkilişlərinə ölkəmizin görkəmli kino xadimləri cəlb edilib. Filmin bədii rəhbəri xalq artisti Fəxrəddin Manafov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifi əməkdar incəsənət xadimi Yavər Rzayev, filmin redaktoru əməkdar incəsənət xadimi Orxan Fikrətoğludur. Ssenari üzərində eyni zamanda görkəmli kino xadimi, ssenarist, xalq artisti Ramiz Fətəliyev də çalışıb.
Əfsuslar olsun ki, bu gün bəzi sosial media hesablarında və internet resurslarında filmin ssenarisi ətrafında həqqiqətləri əks etdirməyən və yoxlanılmadan yayılan müzakirələrə də rast gəlinməkdədir.
Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən xahiş edərdik ki, konteksdən çıxarılmış, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyalar əsasında müzakirə aparmasınlar. Filmin yaradıcı heyəti və ASCO nümayəndələri ekran əsəri haqqında informasiya verməyə hər zaman açıqdır.