Malinin Prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini və ölkə parlamentini buraxdığını elan edib.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Keyta belə bir bəyanatı özünün və Baş nazir Bubu Sissenin üsyançılar tərəfindən həbs olunmalarından sonra edib.
Keyta televiziya müraciətində bildirib ki, o, hakimiyyət başında qalmaq üçün ölkədə qan tökülməsini istəmir.
“Əgər bu gün silahlı qüvvələrimizdəki bəzi elementlər buna intervensiya yolu ilə son qoymaq istəyirlərsə, mənim əslində başqa seçimim varmı?” – deyə o qeyd edib.
İbrahim Bubakar Keyta prezident seçkilərini 2018-ci ildə qazanıb. Lakin son zamanlar ölkədəki korrupsiyadan, iqtisadi siyasətdən və bəzi regionlardakı zorakılıqdan narazılıqlar geniş vüsət almağa başlamışdı.
Dünən ölkədə baş qaldıran üsyan nəticəsində prezident və baş nazirlə yanaşı, Malinin Milli Məclisinin sədri Musa Timbine, iqtisadiyyat və maliyyə naziri Abdulla Duffu və xarici işlər naziri saxlanılıblar.