İyulun 12-də Ermənistanın təxribatı nəticəsində Tovuzla sərhəddə gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgəri Xəyyam Daşdəmirovun bu gün qırx mərasimidir. Şəhidimiz İsmayıllı rayonunun Balik kəndində dəfn olunub.
Unikal.org xəbər verir ki, millət vəkili Novruz Aslanov bu gün, avqustun 21-də şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət etmək məqsədilə İsmayıllı rayonunun Balik kəndinə gedib. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Tahir Kərimli və şəhidin ailə üzvləri tərəfindən onun məzarı üzərinə gül çələngləri qoyulub, ruhuna dualar oxunub.
Daşdəmirovun ailə üzvləri ilə söhbət zamanı Novruz Aslanov vətən uğrunda həlak olan şəhidlərimizə dövlət tərəfindən dərin ehtiramın göstərildiyini bildirib, şəhid ailələrinin sosial təminat məsələlərinə diqqətlə yanaşıldığını vurğulayıb.
“Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi dövlət başçısının nəzarətindədir və belə ailələr dövlətin qayğısı ilə əhatə olunublar”, - deyən millət vəkili şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib.