“Artıq bir neçə gündür ki, ölkə üzrə əhali arasında təsadüfi seçilmiş şəxslər üçün könüllülük prinsipinə əsasən seroloji testlərin həyata keçirilməsinə başlanılıb. Əminəm ki, insanların əksəriyyəti orqanizmində hər hansı bir başqa infeksiyanın olub-olmadığını təyin etmək üçün ömründə bir dəfə də olsa bu testlərdən keçib. Eyni testlər hal-hazırda yeni növ koronavirus infeksiyası üçün də mövcuddur”.
Bu barədə Unikal.org-a açıqlamasında yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə strategiyasının əsas hissəsini təşkil edən seroloji testlərin gedişi barədə məlumat verən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva deyib. TƏBİB nümayəndəsinin sözlərinə görə, bu testlər vasitəsi ilə insanlar son 3 ay ərzində COVID-19 virusunu keçirib-keçirmədiyini müəyyən edə biləcəklər.
“Əhalinin böyük əksəriyyəti bu xəstəliyi ya tamamilə simptomsuz, ya da çox yüngül simptomlarla keçirmiş ola bilər. Biz bunu yalnız həmin bu seroloji testlər vasitəsilə təyin etmiş ola bilirik. İlk günlərin nəticəsinə əsasən, onu deyə bilərəm ki, seroloji testlərin keçirilməsi prosesində iştirak etməsini əhalinin bir qismi çox müsbət qarşılayıb və könüllü olaraq razılıq veriblər. Amma digər bir qismində isə müəyyən inamsızlıq var və onlar üçün maraqlı deyil, yəni müraciətə mənfi cavab veriblər. Düşünürəm ki, prosesin mahiyyətini anlayan hər bir kəs, bu seroloji testlərdən keçməyə razılıq verər”.
N.Mustafayeva vurğulayıb ki, dünyanın bir sıra ölkələrində bu testlər həyata keçirilib və nəticələri ictimaiyyətə açıqlanıb:
“Qardaş Türkiyə, Hindistan Çin, Almaniya da daxil olmaqla, bir sıra böyük ölkələrdə bu testlər geniş əhali qrupları arasında keçirilib və nəticələri də elan olunub. Məsələn, Türkiyədə əhalinin immun səviyyəsi, yəni vətəndaşlar arasında virusu keçirib sağalanların faizi 1-dən aşağı təşkil edib. Bizim nəticələr də layihə bitdikdən sonra ictimaiyyətə açıqlanacaq”.
Dürrə Həsənova