Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən xəbərə görə, hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması təmin edilir.
Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarı inşa edilir.
Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub. Magistral kəmərin isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.