Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bu barədə Unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Məlumata görə, avgustun 21-i axşamdan avqustun 24-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 18-23m/s, arabir 25-30 m/s olacaq. Avqustun 22-si axşam, 23-ü gecə və səhər acıq dənizdə küləyin sürətinin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda açıq dənizdə 6-8 metr olacaq.
Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.
Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.
Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.
Dənizdə neft – qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometereoloji hadisə ilə bağlı məlumatlandırlıb. Hər zaman olduğu kimi hazırda Dövlət Dəniz Agentliyinin Azərbaycanın sahilboyu ərazilərində mövcud olan ən son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.
Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.