Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 18-dən etibarən ölkədə ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. Qərara uyğun olaraq müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçirilir.
Unikal.org xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə yuxarıda qeyd olunan qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Reydlər zamanı Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən obyektlərdə xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Baxış zamanı son 3 gündə 250-dən çox obyektlərdə monitorinq aparılıb. Onların 40-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsana yol verən obyekt sahibləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub, 1 obyektin fəaliyyəti dayandırılıb.
Bununla yanaşı Gəncədə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə iaşə obyektlərində və şəhərin müxtəlif ərazilərində təmizlik, dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri şəhərin, mərkəzindəki küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.
Qeyd edək ki, Gəncədə ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.