ABŞ-n Viskonsin ştatının Kenoşa şəhərinə başlayan iğtişaşları yatırmaq məqsədilə bölgəyə Milli Qvardiyanın əsgərlərinin göndərilməsi planlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp tvitterdə yazıb.
O bildirib: “Amerika küçələrində soyğunçuluq, yanğın, zorakılığa və qanunsuzluğa dözməyəcəyik. Komandamın üzvləri Evers (Viskonsin qubernatoru Toni Evers – Red) ilə telefonda danışıb və o, federal yardımı qəbul etməyə razılıq verdi”.
Qeyd edək ki, 23 avqust tarixində afroamerikalı Ceykob Bleyk mübahisə edən iki qadını ayırmağa çalışıb. Hadisə yerinə polis cəlb olunub. Bleyk hüquq mühafizəçinin tələblərinə əməl etməyərək avtomobilinə əyləşməyə çalışıb. Onun nəqliyyat vasitəsinə minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb.
Buna etiraz edən ştatın əhalisi nümayişlər keçirməyə başlayıb. Daha sonra etirazlar iğtişaşlarla əvəzlənib. Qubernator Evers bölgədə fövqəladə vəziyyət elan edib.