Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin Kanadanın Vankuver şəhərində yaşayan nəvəsi Zərifə Rəfipur və Zərifə xanımın oğlu Aran Rəfipurun Unikal.org-a müsahibəsini təqdim edirik.

- Zərifə xanım, bizə özünüz və ailəniz haqqında danışın. Hazırda nə işlə məşğulsunuz? 

-Mən 1991-ci ildə Səid Rəfipurla ailə qurmuşam. Səidin əsli Təbrizdəndir. Hal-hazırda biz Kanadanın Vankuver şəhərində yaşayırıq. Aran adında bir oğlumuz var və o, Vankuverdə doğulub. Bakıda ADU-nun biologiya fakültəsini bitirib Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda çalışmışam. Kanadaya köçərkən özümü başqa bir işdə sınamaq qərarı verdim. Bir müddət Qida Yoxlama laboratoriyasında işlədim. Sonralar hazırlaşaraq səhiyyə sistemində özümü sınadım və bunun üçün   kollecə gedib şöbə idarəçiliyini oxudum. Hal hazırda Vankuverdə xəstəxanaların birində koordinator işləyirəm.

- Aran, Abdulla Şaiq nəslinin davamçısı olduğunuzu ilk nə zaman öyrəndiniz və şairin nəslindən olmağınız sizə hansı hissləri yaşadır?

- Uşaqlığımdan atam, anam və nənəm Gülbəniz xanım Abdulla Şaiqin nəticəsi olduğumu anladıb, onun nə qədər mühüm şəxsiyyət olduğunu dönə-dönə vurğulayıblar.  Mən 10 yaşında ilk dəfə Bakıya gedəndə onların nə söylədiklərini dərk etdim.  İnsanlar mənim kim olduğumu biləndən sonra mənə qarşı daha çox hörmət və maraqla yanaşdılar, o zaman ulu babamın nə qədər tanınmış olduğunu anladım.  Millətdə ulu babama olan məhəbbət məni heyran etdi.  Onun nəticəsi olmaq mənim üçün böyük bir fəxrdir.

-Zərifə xanım, Abdulla Şaiqin övladları ilə bağlı, onların yetişdirilməsi, ailə bağlarının möhkəmliyi haqda hansı məlumatları verə bilərsiniz?

-Mən Abdulla Şaiqin qızının kiçik qızıyam. Bir bacım da var idi, amma, əfsuslar olsun ki, həyat onu gözlənilmədən aramızdan apardı.
Abdulla Şaiqin 3 övladı olub: iki oğlu- Kamal və İldırım və bir qızı-Gülbəniz. Anam bizə atası haqqında çox danışardı. Ata-qız arasında böyük bağlılıq var idi. Anam nənəsinə çox bənzəyirdi və ona görə babam onu "Cicim" deyə səsləyərdi. Anam uşaqlığından çoxlu maraqlı və tərbiyəvi xatirələr danışardı, mən isə böyük bir həsrətlə qulaq asıb heyifsilənərdim ki, nə üçün babamı görməmişəm. Babamla nənəm öz övladlarına, ailəyə qarşı o qədər məhəbbət və hörmət hissi aşılamışdılar ki, anam ailəsi haqqında danışanda müqəddəs bir anlamı yaranırdı. Balaca uşaq ikən babamın Azərbaycanın tarixi və ədəbiyyatında nə qədər mühüm insan olduğunu anlamırdım. O, mənim üçün ancaq dəyərli və sevimli bir baba idi. Yaxşı yadımdadır, Kamal dayım babam haqqında televiziyada veriliş hazırlayırdı və mənə demişdi ki, sən ən kiçik nəvəsi kimi bir şeirini deyəcəksən. O zaman mən fəxr duyğusu yaşamağa başladım. Böyüdükcə babamın Azərbaycanda milli təhsil və maarifçilik sahəsində olan fəaliyyəti haqqında məlumatlar aldım. Azərbaycanda Azərbaycan dilində ilk məktəblərin açılması və Azərbaycan dilində dərsliklərin yaranmasında Abdulla Şaiqin mühüm yeri olması məndə çox böyük qürur hissi yaratmışdı. Onda babamın nəhəngliyini anladım və belə bir insanın nəvəsi olmağın böyük bir məsuliyyət yaratdığını dərk elədim. İndiyəcən balaca uşaqlar babamın şeirlərini oxuyanda cox qürur hissi yaşayıram və deyirəm ki, bizim gənc nəslimizin onun şeirlərinə ehtiyacı olana qədər Abdulla Şaiq də yaşayacaq.

-Sualım hər ikinizə olacaq. Bizim uşaqlığımızda məhz Abdulla Şaiq şeirlərinin rolu əvəzsizdir. Bəs siz uşaq ikən həmin yaradıcılıqdan bəhrələnməsinizmi? Şairin hansı şeirlərini əzbər bilirsiniz?

- (Aran Rəfipur) Uşaqlıqda nənəm və valideynlərim ulu babamın nağıl və şeirlərindən oxuyurdular.  Onları sevirdim və bəzilərini əzbərdən bilirdim.  “Tülkü həccə gedir”, “Tık-Tık xanım”, “Keçi”, “Xoruz”…yenə də saya bilərəm.  

-(Zərifə Rəfipur) Mən uşaqlıqda “Xoruz”, “Keçi”, “Uşaq ve fırça”, “Bənövşə”, “Tık-tık xanım”dan parçaları əzbərdən bilirdim və hələ də yadımdadır, çünki uşaqlar üçün elə sadə dillə yazılıb ki, yadda saxlamamaq imkansızdır.

-Aran bəy, 8 il əvvəl Azərbaycanda olmusunuz. Təəssüratlarınız necə olub? Yenidən gəlməyi düşünürsünüzmü?

- Mən son dəfə 2012-ci ildə 3 həftəlik Azərbaycanda olmuşam.  Bakının bu qədər dəyişilməsi mənə inandırıcı gəlmirdi.  Binaların memarlığı, küçələrin genişliyi və təmizliyi, İçəri Şəhər və dənizkənarı bulvar mənə çox müsbət təsir bağışladı. Ona görə də Azərbaycanda olmaq mənim hər zamankı arzu və diləyimdir.  Təəssüflər olsun ki, ortaya çıxan virus-pandemiya bu il səfərimə mane oldu.

-Zərifə xanım, siz necə, Azərbaycana, Bakıya gəlib-gedirsinizmi?

- Bəli, 8 il öncə Bakıya gəlmişdim. Əfsuslar olsun ki, yol çox uzaqdır və işə görə tez-tez gedib-gəlmək elə də rahat deyil. Bakı  bizi çox böyük sürprizlə qarşıladı. Şəhəri artıq tanımaq olmurdu. Sözün düzü, iki cür hiss yaşadım: həm kədər, həm də sevinc. Bir tərəfdən mənim böyüdüyüm şəhər artıq yox idi. Xatirələrimlə bağlı yerlər artıq yox idi. Oxuduğum 20 nömrəli məktəb təmirə bağlanmışdı və onun yerinə böyük bir məktəb tikirdilər. Belə dəyişikliklərin, sözsüz ki, müsbət  tərəfləri də var. Şəhər çox böyüyüb və əhali çox artıb. Vaxtilə şəhərdə çox adam bir-birini tanıyırdı, hər dəfə tanış adama rast gəlmək olardı. Amma bu gəlişimdə şəhərdə heç tanış üz görmədim. Əlbəttə ki, yolların müasirləşməsi, yeni yolların salınması  çox gözəçarpan oldu. Sözsüz ki, yenidən gəlmək istəyirəm və sözün düzü, bu il gələcəkdim ki, bildiyiniz COVID-19 səbəbindən gələ bilmədim.

-Aran, Azərbaycana səfəriniz zamanı ulu babanızın evində (ev-muzeyində) qonaq oldunuz? Oldunuzsa, nə hisslər keçirdiniz, orada ən çox nələr diqqətinizi çəkdi?

-Hər iki səfərimdə ulu babamın ev muzeyində olmuşam.  Bu adət hər zaman Bakıda olduğumda davam edəcək.  Qeyd etməliyəm ki, muzeyin təşkil olmağında nənəmin böyük qardaşı Kamal Talıbzadə və onun qızı Ülkər xanımın böyük əməkləri olub.  Buna görə onlara çox minnətdaram.  Bu ev nənəmin mənə nəql etdiyi  xatirələri dirildir.  Onun böyüdüyü otaq, o otaqda olan o böyük şkaf  nələrə şahid olub, mən bilirəm.  Ulu babamın o evdə olan masasında yazılan əsərlər gözümdə canlanır və önündən kino lenti kimi keçir.

-Zərifə xanım, ev muzeyi ilə bağlı sizin hansı xatirələriniz var?

-Əlbəttə ki, gəlişimizdə həm babamın ev-muzeyini, həm də  onun məzarını ziyarət etdik. Onu qeyd etmək istəyirəm ki, mənim böyük dayım  Kamal Talıbzadə bu muzeyin yaranması üçün çox zəhmət çəkib. Eksponatların yığılmasında, portretlərin yaranmasında misilsiz zəhməti olub. Təbii ki, burada Mədəniyyət Nazirliyin və hökumətin köməkliyini də unutmaq olmaz. Hal-hazırda Kamal dayımın qızı, Ülkər xanım Talıbzadə dayımdan sonra estafeti qəbul edib və muzey işlərini çox gözəl idarə edir. İndi Ülkər xanımın təşəbbüsi ilə muzeydə çox maraqlı  tədbirlər  keçirilir, uşaqlar üçün maraqlı  tamaşalar qoyulur və bu çox sevindirici haldır.  

- Aran, siz Diasporla İş üzrə Dövlət Komitəsinin xəttilə hazırlanıb yayımlanan  “Vətən uzaqda deyil” proqramına müsahibənizdə Azərbaycan və Qarabağ həqiqətləri barədə xarici vətəndaşları maarifləndirdiyinizi demisiniz. Bu sahədə nə kimi təbliğatlar aparırsınız? 

- Qarabağ haqqında hər zaman məktəbdə, sonra universitetdə, iş yerimdə və nəhayət, dostlarımla fürsət düşdükcə danışır və məsələnin doğru izahını verirəm.  Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsini, bu yaxınlarda Tovuzda təxribat törətmələrini Vankuverin mərkəzində kanadalılara izah etdim, açıqladım.

-Zərifə xanım, siz Kanada cəmiyyətinə Azərbaycanla bağlı nələri çatdıra bilirsiniz?

-Kanada çoxmillətli ölkədir. Hər ölkə nümayəndələri çalışır ki, burada öz mədəniyyətini, yeməklərini, adət-ənənələrini təbliğ eləsin.  Biz də burada öz cəmiyyətimizi təşkil etmişik. Çalışırıq ki,  Kanada cəmiyyətinə öz mədəniyyətimizi çatdıraq. Bunun üçün mədəniyyət günləri təşkil edirik. Biz burada hər il Xocalı hadisəsi ilə əlaqədar tədbirlər keçiririk. Cəmiyyətin nümayəndələri bir yerdə əlimizdə  plakatlar, bayraqlarımız  Vankuverin mərkəzinə toplaşır, Xocalı soyqırımı  ilə əlaqədər tədbir keçiririk.  Ondan əlavə, sözsüz ki, burada bizim qeyri- azərbaycanlı tanışlarımız və dostlarımız var ki, biz onlara öz tariximizdən və ölkəmizlə bağlı bir çox mətləblərdən danışırıq. Sizinlə bir şeyi də paylaşmaq istərdim. Burada Novruz bayramı əvvəllər həmişə farsların Yeni ili kimi təqdim olunurdu və ölkənin Baş naziri həmişə ölkədə yaşayan farsları Yeni il münasibəti ilə təbrik edərdi. Bizim cəmiyyətlərimizin təşəbbüsi ilə  bir neçə il əvvəl imza topladıq və lazımi orqanlara yönəltdik ki,  bu, türk dünyasının ən mühüm bayramlarından biridir. Həmin  müraciətdə bütün türkdilli ölkələrin adlarını siyahıya saldıq.  Bu ildən etibarən artıq bayram təbriki Novruzu qeyd edən bütün millətlərə yönəlir. Balaca görünsə də,  bu, bizim üçün çox mühün bir qələbədir.

-Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necə yarandı və Komitənin hansı layihələri sizi cəlb edir?

-(Aran Rəfipur) Diasporla İş üzrə Dövlət Komitəsi ilə mənim əlaqəm burada yaşayan Azərbaycan cəmiyyətinin aktiv üzvlərindən olan Natella xanım İsazadənin vasitəsilə olub.  Natella xanımın vasitəsilə Komitənin nümayəndəsi  Fərəh Şəms Tuncay xanımla tanış oldum.  Fərəh xanım məni Komitənin layihələri ilə tanış etdi və  xaricdə yaşayan gənc azərbaycanlıların Avstriyada keçirilən  konfransına dəvət etdi. Bu konfransda tanış olduğum azərbaycanlılar  məni daha çox aktiv olmağa təşviq etdilər. 

- (Zərifə Rəfipur) Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəmiz Aranın dediyi kimi həmvətənlimiz, Kanadada Azərbaycan diasporunun fəal nümayəndəsi Natella İsazadənin vasitəsilə baş tutub. Keçən il Natella xanım Bakıda olarkan Fərəh xanımla Dövlət Komitəsində görüşüb və ona bizim Vankuverdə olan cəmiyyətimizin fəaliyyətləri barədə danışıb. Beləliklə, mən də Fərəh xanım Şəms Tuncayla tanış oldum. Olduqca ziyalı və gözəl insandır. Çox məmnunam ki, onunla tanış oldum. Fərəh xanım bizə Komitənin  bir sıra  lahiyələrindən danışdı. “Karabakh is Azerbaijan!” (“Qarabağ Azərbaycandır!”) lahiyəsində o, bizə çox dəstək olub.  Mən özüm, düzünü deyim, o qədər də aktiv ola bilmirəm, amma Vətənimi çox sevdiyimdən qıraqda da qala bilmirəm. Bacardığım qədər çalışıram ki, cavanların yanında olam, bu işlərdə balaca da olsa onlara kömək əlimi uzadam, cəmiyyətdə bir səs olam. Qeyd edim ki, bizimlə əlaqə yaratdığınıza, bizi Azərbaycan cəmiyyətinə tanıtdığınıza görə Diasporla İş üzrə Dövlət Komitəsinə və sizə minnətdarlığımızı bildiririk.

Dürrə Həsənova