"Həmişə elə hiss eləmişəm ki, televiziyada doğulmuşam. Lakin son 5 il ərzində televiziyaya geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an nə qədər darıxdığımı hiss etdim. O sevgini, hissləri təzədən yaşadım".
Unikal.org xəbər verir ki, bu sözləri 5 illik fasilədən sonra efirə qayıdan aparıcı Samirə Mustafayeva deyib. AzTV-nin rəsmi “Telegram” kanalına açıqlama verən aparıcı yeni görünüşünün sosial şəbəkədə tənqid olunmasına münasibət bildirib:
"5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır.
Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi İnstaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə “Samirə xanım, efirə nə zaman qayıdırsınız?” yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım. Amma tamaşaçım məni geri qaytara bildi.
İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə - divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm".(axşam.az)