“Sentyabrın 27-də səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Bu hadisəı bir daha Ermənistanın təıcavüzkar niyyətindən əl çəkmədiyini, AZərbaycana qarşı işğal siyasətini davam etmə məqsədində olduğunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyətinin, baş nazir Paşinyanın, müdafiə nazirinin və digərlərinin bəyanatları bu faktı sübut edir. Ancaq Azərbaycan dövləti, Silahlı Qüvvələrimiz işğalçılara layiqli cavab tədbirlərinə başladı”.
Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, erməni hərbi birləşmələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Millət vəkili vurğulayıb ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir. Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Deputat bildirib ki, Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Ağalar Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
“Sentyabrın 27-də həmçinin Milli Məclisin növbəti iclası keçirilib və iclasda Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib. Hesab edirəm ki, ölkədə hərbi vəziyyətin elan edilməsi çox doğru qərardır və butün imkanlarımız torpaqlarımızın işğaldan azad edilməsinə yönəldilib. Artıq cəbhədən sevindirici xəbərlər var. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılıb və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Goranboy istiqamətində isə Murovdağ yüksəkliyi, eləcə digər bir sıra strateji yüksəkliklər azad olunub. Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu proses davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Təmsil etdiyim Ağdam, Tərtər və Goranboy ictimaiyyəti də bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir. Millət vəkili kimi təmsil etdiyim bögələrin sakinləri silaha sarılaraq torpaqlıarımızın işğaldan azad olunmasında iştirak etməyə hər an hazır olduqlarını bəyan edirlər”,- deyən millət vəkili bir daha vurğulayıb ki, bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə buna qadirdir. Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq!".
Hüseyn İsgəndərov