Azərbaycan Dillər Universitetində (ADU) keçirilən Çin mədəniyyəti həftəsi çərçivəsində ADU  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Konfutsi: həyat və tədris" adlı onlayn seminar keçirib. Seminar görkəmli Çin mütəfəkkiri və filosof Konfutsinin anadan olmasının 2571-ci ildönümünə həsr olunub. 

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov Konfutsi tərəfindən çox əhəmiyyətli hesab edilən təhsilin vacibliyini vurğulayaraq, bu günün Çində Bilik Günü olduğunu qeyd edib. 

Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua, Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen, Şərqi Çin Pedaqoji Universitetinin magistr ixtisası üzrə Çin dili müəllimi Samirə Məmmədova Konfutsi həyatının tarixindən, Konfutsi elminin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən danışıblar.