Fransa Daxili İşlər Naziri Gerald Darmanin, "radikal İslamçılığa qarşı mübarizə" iddiası ilə ilin əvvəlindən bu yana 73 məscidin, xüsusi məktəbin və iş yerinin bağlandığını açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Darmanin, ölkədəki müsəlman cəmiyyəti məlumatlandırmaq üçün təşkil etdiyi mətbuat konfransında bildirib.
Həmçinin, nazir keçən ay ölkənin Herault bölgəsində bir məscidin və xüsusi məktəbin, digər bölgələrdə bir dərnəyin və 9 iş yerinin bağlandığını da qeyd edib.
Bildirək ki, Fransa Prezidenti Emmanüel Makronda, iştirak etdiyi proqramların birində müsəlmanlar haqqında bəzi açıqlamalar verib.
"İslam, yalnız öz ölkəmizdə deyil, bu gün bütün dünyada böhran içində olan bir dindir"- deyə Makron ifadə edib. Fransa prezidentinin "İslam böhran içindədir" ifadəsi müsəlman ictimai rəyində sıx reaksiyaya səbəb olub.
Belə ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da Makronun sözlərinə reaksiya göstərib.
"Müsəlmanlara hücum, Avropa siyasətçilərinin uğursuzluqlarını ört-basdır etmək üçün istifadə etdikləri bir metod halına gəlib. Daxili siyasətdə sıxışan, xarici siyasətdə uğursuz olan liderlər, İslamı hədəf alaraq öz çatışmazlıqlarını gizlətməyə çalışırlar. Makron son olaraq bu ada qatıldı. "İslam böhranda" izahı açıq bir təxribatdır. Fransa prezidenti olaraq, İslamın quruluşu barədə danışması tərbiyəsizlikdir" - deyə Ərdoğan bildirib.