Kipr parlamentinin sədri Dimitris Sullirus bu gün, oktyabrın 15-də istefa verib.

Unikal.org bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, spiker vəzifəsini investisiya qarşılığında vətəndaşlığın verilməsi ("Qızıl pasportlar") proqramının həyata keçirilməsində yol verilən qanun pozuntuları ilə bağlı qalmaqaldan sonra tərk edib.

Qeyd edək ki, iyulun 12-də müxtəlif çaplı silahlarda və artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz döyüşlərindən sonra Dimitris Sullirus özünün “Twitter” hesabında qərəzli mövqe göstərərək erməni xalqını dəstəkləmişdi. 

“Ermənistan-Azərbaycan sərhədində hadisələrin inkişafı və yeni qarşıdurmalar bizi narahat edir. Biz erməni xalqını dəstəkləyirik və ümid edirik ki, fikir ayrılığı danışıqlar yolu ilə həll ediləcək”, - deyə sədr yazmışdı.

Xatırladaq ki, “Al Jazeera” nəşrinin Kiprdə “qızıl pasport” əldə edilməsi ilə bağlı  apardığı araşdırmadan sonra yüksək vəzifəli şəxslərin adı korrupsiyada hallanmağa bağlayıb. “Al Jazeera” nəşrinin “İnvestisiya müqabilində vətəndaşlıq” proqramı haqqında  oktyabrın 13-ündə yayımladığı videoçarxdan sonra Kipri etiraz dalğaları bürüyüb, yüzlərlə insan paytaxt Nikosiyada etiraz aksiyası keçirib. Belə ki, videoçarxa əsasən, Nümayəndələr Palatasının deputatı böyük məbləğdə pulun qarşılığında öz ölkəsində 7 il həbs cəzasına məhkum olunmuş çinli iş adamına vətəndaşlıq almağa kömək edəcəyinə vəd verib. Halbuki bu fakt Kipr pasportunun alınmasını mümkünsüz etməli idi.