“Dağlıq Qarabağ münaqişəsindən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, hazırkı döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində gedir. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmalıdır. Yalnız bu, Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətlərinin yenilənməsinə yol aça bilər”.
Unikal.org xəbər verir ki, bu barədə azərbaycanlı alim, Avropa Universitetləri Rektorları Klubunun üzvü, UNEC-in Strateji məsələlər üzrə prorektoru, professor Mirdaməd Sadıqovun İtaliyanın ced-center.it saytında yayımlanan müraciətində bildirilib.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “Ermənistan-Azərbaycan münaqişəsi: Beynəlxalq hüququn bərpası” başlığı ilə yayımlanan müraciətdə Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında tutduğu bildirilir. Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan BMT-nin 4 qətnaməsinin, eləcə də beynəlxalq konvensiyaların şərtlərinin icra olunmadığı və kobud şəkildə pozulduğu, BMT nəzarətindən kənarda qalan Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamasının insan əzablarına və ekoloji fəlakətlərə səbəb olduğu deyilib.
Müraciətdə erməni silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq, bugünədək Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdiyi, yaşayış məntəqələrini, insanların sıx yaşadıqları əraziləri böyük çaplı artilleriya və raketlərdən istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutduğu bildirilib. Azərbaycan silahlı qüvvələrinin erməni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququna və beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirdiyi deyilib.
Beynəlxalq təşkilatların bu müharibəyə münasibətinin birmənalı olmadığı qeyd edilən müraciətdə, Ermənistanın təkidi ilə razılaşdırılan humanitar atəşkəs rejiminin də məhz erməni silahlı birləşmələri tərəfindən pozulduğu, Azərbaycanın mülki obyektlərinin raket zərbələrinə məruz qaldığı, onlarla günahsız insanın öldürüldüyü və yaralandığı diqqətə çatdırılıb.
Bütün bunlara baxmayaraq, bəzi dövlətlər və beynəlxalq təşkilatların susduğu, kütləvi informasiya vasitələrinin mediada verdiyi xəbərlərinin əslində tərəfsiz olmadığı, güclü erməni lobbisinin təsiri sayəsində Azərbaycanın aparıcı Qərb ölkələrində və Rusiyada informasiya məkanındakı mübarizəni itirdiyi deyilir.
Azərbaycanlı alim bütün beynəlxalq təşkilatlara, xüsusən də münaqişənin sülh yolu ilə həllinə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edərək, Dağlıq Qarabağ münaqişəsində konstruktiv mövqe nümayiş etdirəcəklərinə ümid etdiyini bildirib. O, İtaliyanın bu istiqamətdə çox vacib rol oynaya biləcəyini, bölgədə sabitliyin təmin edilməsinin həm əhalinin təhlükəsizliyi, həm də xarici siyasət üstünlükləri daxilində İtaliyanın maraqları üçün çox vacib olduğunu vurğulayıb.