Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “BBC News”a müsahibəsində Qərb mediasının münaqişə ilə bağlı mövqeyini şərh edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir”.