Azərbaycan Respublikası Prezidenti BBC Xəbər Agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT TŞ-nin qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını bir daha vurğulayıb. Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi fikirlərinin təhrif edilməsi Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti uğursuz cəhdidir.
Unikal.org xəbər verir ki, bu fikirlər AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BBC Agentliyinə müsahibəsinə dair açıqlaması ilə bağlı şərhində yer alıb.
Azərbaycan ərazilərinin işğalı zamanı yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, dinc insanlara qarşı müharibə cinayətlərinin törədilməsi, eləcə də Ermənistanın yeni təcavüzü çərçivəsində cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin və mülki şəxslərin məqsədli şəkildə atəşə tutularaq insanlıq əleyhinə cinayət kimi tövsif ola biləcək aktların törədilməsinin məsuliyyəti bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.
Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə cinayətləri məsuliyyətindən boyun qaçırmaq cəhdləri uğursuzluğa düçardır.