“Senytabrın 27-dən başlanan Vətən Müharibəsi əsas hədəfinə çatdı. Biz Ermənistanı sülhə məcbur edə bildik. Bu, həm Ali Baş Komandanın yüksək səviyyəli siyasi-diplomatik əzmi, həm də Azərbaycan Ordusunun qüdrəti nəticəsində baş verdi”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin üzvü Mahir Abbaszadə səsləndirib. O bildirib ki, Azərbaycanın sülhə məcburetmə əməliyyatları Ermənistanın geri çəkilməyə, məğlubiyyəti etiraf etməyə məcbur elədi: “Məlum bəyanat imzalanandan sonra Ermənistan baş naziri Paşinyan xalqına müraciət edərək məğlubiyyətlərini etiraf etdi və bildirdi ki, ağrılı və acı olsa da, geri çəkilməyə məcburdurlar. Bunun ardınca Ermənistanda daxili çaxnaşma yarandı. Bu da Azərbaycanın qələbəsidir. Azərbaycanın lideri elə bir siyasət yürütdü ki, Qarabağda yallı gedən Paşinyani biabır elədi. Bu nəticəyə gəlmək üçün müzəffər ordumuzun böyük rolu oldu. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bununla da erməni terrorçularının əzmi tamamilə qırıldı”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat Ermənistanın kapitulyasiyasıdır, acı məğlubiyyətidir: “Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Аrtıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Bu amil Azərbaycanın qələbəsinin sübutudur. Artıq hər kəs Azərbaycanın gücünü gördü”.
Murad İbrahimli