Bir neçə gün öncə Türkiyənin nüfuzlu Türk Dil Qurumu Azərbaycanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə “Azərbaycan dili və mədəniyyəti” adlı onlayn elmi konfrans keçirib.

Unikal.org xəbər verir ki, konfransda Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Məhəmməd Həkimoğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türk Dil Qurumu idarə heyətinin üzvləri —  professor Hülya Kasapoğlu Çengel, professor Ərdoğan Uyğur, professor İsmət Çətin və AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Tahirə Məmməd iştirak edib. 

Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoyun konfrans iştirakçılarına müraciəti və Azərbaycan müstəqilliyinin 29-cu ili ilə bağlı təbrikləri konfrans iştirakçılarına oxunub. Daha sonra səfir Xəzər İbrahim çıxış edərək konfrans iştirakçılarına və təşkilatçılara təşəkkürlərini çatdırıb.
Öncə Azərbaycan dili və mədəniyyəti haqqında müxtəlif dövrləri əhatə edən məruzələr dinlənilib, Azərbaycan dilinin tarixi, inkişaf prosesi və bugünü, həmçinin Azərbaycan ədəbiyyatının bütün tarixi dövrləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra tədbirin moderatoru professor Hülya Kasapoğlu Çengel türkologiya elminin tanınmış simalarından biri və “Kitabi-Dədə Qorqud” dastanlarının sistemli araşdırmaçısı, məşhur “Yarımçıq əlyazma” və digər romanların müəllifi olaraq qeyd etdiyi akademik Kamal Abdulla haqda fikirlərini bildirib və konfrans bir məqsədinin də Kamal Abdullanın qarşıdan gələn 70 illik yubileyinin qeyd edilməsi olduğunu bildirib.

Qurumunun rəhbəri professor Gürer Gülsevin öz çıxışında akademik Kamal Abdullanı 70 illik yubileyi münasibətilə təbrik edib və onun türkologiya elminə vediyi töhfələrdən bəhs edib. O bildirib ki, Kamal Abdulla klassik türkologiya ənənlərini Azərbaycanda uğurla davam etdirən böyük dilçi alimdir. O “Türkologiya” jurnalına baş redaktorluq etməklə bu missiyanı daha geniş planda həyata keçirir.

Professor İsmət Çətin akademik Kamal Abdullanın “Mənim Füzulim” esselər toplusuna diqqət çəkərək Kamal Abdullanın bu esselərini Azərbaycan dilinin sütunlarından biri olan Məhəmməd Füzulinin yeni obrazının yaradılması kimi xarakterizə edib və Füzuliyə olan ehtiramın ifadəsi kimi dəyərləndirib. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını Dədə Qorqud mətnlərinə postmodern baxış hesab etdiyini deyən professor bu romanı Azərbaycan dilinin qədim dövrünün bütün gözəlliklərini özündə əks etdirən roman adlandırıb.
Sonra azərbaycanlı professor Tahirə Məmməd və başqaları Kamal Abdullanın təkcə dilçi və türkoloq yox, həm də Azərbaycan ədəbiyyatına yeni yaradıcılıq texnologiyaları gətirən müəllif olduğunu qeyd edib. İştirakçılar bildirib ki, Kamal Abdulla bütün türk ruhunu, türk epos ənənəsini öz nəsrinə hopduran modern romançıdır.

Konfrans iştirakçıların akademik, Xalq yazıçısı Kamal Abdulla haqqında təbrik sözləri ilə başa çatıb.