Vətən Müharibəsi qələbə ilə başa çatandan sonra bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməyə başlayıb. Lakin sülhməramlı qüvvələrin əraziyə cəlb olunması birmənalı qarşılanmayıb.

"Unikal" qəzetinə müsahibə verən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevlə söhbətimiz də Azərbaycan Ordusunun  qələbəsi, yekun sülh bəyannaməsi və bundan sonrakı proseslərlə bağlı oldu.

-Razi bəy, öncə yekun sülh bəyannaməsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə, bu sənəd nə qədər Azərbaycanın xeyrinədir?

-Azərbaycan  mümkün  olanın  maksimum nəticəsinə nail oldu. Bundan artıq nəyəsə mənəvi planda nail ola bilərdik. Bu da daha çox işğalçı erməni əsgər və zabitlərinin öldürülməsi, dinc sakinlərin də pərən-pərən düşərək qaçması ola bilərdi. Bu bizim məşəqqətlər yaşamış və qəlbi intiqam hissi ilə alovlanan xalqımızın ürəyinə balzam kimi yayılardı. Amma, məgər bunu etməyə icazə verilərdimi? Məgər xalqımız Azərbaycanın hansı ağır beynəlxalq şərtlər altında mübarizə apardığını görmədi? Prezident məgər beynəlxalq təzyiqlərin görünməmiş miqyasda olduğunu açıq demirdi? Bu təzyiqlərə sinə gərib əks-həmləni zəfərə çevirmək özü böyük qəhrəmanlıq oldu. Məgər Ermənistanın yas içində, bizim isə toy-bayramda olmağımız bir çox suallara cavab deyilmi?

Sadəcə, qondarma rejimin qondarma rəhbəri Araik Arutyunyan fikir səsləndirib ki, üç gün geciksəydik, məhv olacaqdıq. 6-7 min erməni əsgəri mühasirəyə düşüb öləcəkdi. İndi də Paşinyan deyir ki, sənədi imzalamasaydıq 20-25 min əsgərimiz ya mühasirəyə düşüb öldürüləcəkdi, ya da əsir ediləcəkdi. Bizim insanlar da deyir ki, niyə davam etmədik, niyə işğalçı əsgərləri sona qədər öldürmədik. Ay qardaş, ay atam məgər buna imkan verəcəkdilər? Biz Xankəndini alan kimi ola bilsin ki, bir neçə   dövlət   Dağlıq-Qarabağın   müstəqilliyini   tanıyacaqdı,   Azərbaycana   sanksiya   tətbiq edəcəkdi, Türkiyəni də çətin duruma salacaqdıq. Biz Ermənistanın indiki gününə düşə bilərdik. Deyərdik ki, kaş ki, Şuşada dayanardıq. Ermənistan indi deyir ki, kaş ki, 5+2 rayonu qaytaraydıq və bəlkə də, Dağlıq Qarabağı xilas edə bilərdik. Onların tamahı və hikkəsi başlarına bəla oldu.
Prezident mən nəyin nə zaman və necə ediləcəyini yaxşı bilirəm ifadəsini boş yerə demirdi. Düzgün qərar verib maksimum nəticə qazandıq. Bu nəticə hər keçən gün daha da çoxalır. Allah eləməmiş, eyforiyaya qapılıb səhv edə və bu gün də nəticəsindən dərin peşmançılıq keçirərdik.

- Amma fərqli fikirlər səslənir. Bəziləri sözügedən sənədin və oradakı bəndlərin milli maraqlarımıza cavab vermədiyini bildirirlər.

-Başa düşmürəm ki, hansı sənəd maraqlarımıza cavab verərdi. Bu sənədlə işğal altından azad etdiyimiz ərazilər, işğal altında olan Ağdam, Laçın və Kəlbəcər də Azərbaycanın ixtiyarına verilir. Digər ərazilərdə isə ermənilər yaşaya bilər. Söhbət orada Azərbaycan vətəndaşı olmuş şəxslərdən gedir. Onlar Azərbaycan pasportu almalı, Azərbaycan mobil nömrəsi işlətməli və Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Livandan, Suriyadan gələnlər, köçürülənlər yaşaya bilməzlər və onlara güzəşt edilməyəcək. Əksinə, onlar qanunsuz məskunlaşdıqlarına görə, həm də onları məskunlaşdıranlar məsuliyyətə cəlb ediləcəklər.
Bu ərazilərdə Azərbaycan qanunları bərqərar olacaq. Hələ bilmək olmaz ki, özündən müştəbeh və böyük Ermənistan arzusu ilə yaşayanlar gəlib Xankəndində yaşamaq istəyəcəklər, Yoxsa yox. Azərbaycan onların nazı ilə oynamayacaq, onlar fərqli rəftar görməyəcəklər. Ölkəmizin bütün yerlərində hər kəs bərabərdir və bərabər ləyaqətə malikdirlər. Biz ermənilərə görə heç bir qanunu dəyişən deyilik.

-Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə yerləşməsi gələcəkdə hansı problemlərə yol aça bilər ki?

-Bu gün Rusiya sülhməramlılarının hansısa problemlərə yol açacağını düşünmürəm. Bunlar sülhməramlı əsgərlərdir və Türkiyənin də nəzarəti olacaq. Onların missiyası əslində budur ki, guya ki, biz dinc erməniləri öldürməyək, qovmayaq və incitməyək. Yəni ermənilər bizə inanmır, bizdən qorxurlar və deyirlər ki, rus əsgəri bizi qorusun. Müharibə cinayətlərində əli olanlar onsuz da dönməyəcəklər. Dönənlər qanunla problemi olmayanlar və müharibədə iştirak etməyənlər, etnik təmizləmə çağırışı etməyənlər olacaq. Onlar da bir neçə aydan sonra öyrəşəcəklər və ola bilsin ki, bir ildən sonra heç sülhməramlıya ehtiyac da qalmadı.

-Türkiyənin prosesdə iştirakı ilə bağlı nə düşünürsünüz?

-Türkiyə regionda və Dağlıq-Qarabağda stabilləşdirici rola malikdir. O böyük və oturuşmuş, dünyada qəbul edilən güc sahibidir. Dağlıq-Qarabağda münaqişənin sonlanmasında Türkiyənin əməyi sonsuzdur və bundan sonra da zamin rolunu oynamaqda davam edəcək. Türkiyə ədalətli davrandı və məhz, onun siyasi dəstəyi ilə Azərbaycan ciddi nəticəyə malik oldu.
Rusiyanın də Türkiyə ilə normal və əməkdaşlıq münasibətləri münaqişənin həllinə müsbət təsir göstərdi. Türkiyə olmalıdır və hazırda olmalı olduğu yerdə dayanıb. O bizim qardaş ölkəmizdir və bundan sonra da bir çox xarici siyasət məsələlərimizi də birlikdə həll edəcəyik.

- Maraqlı məqamlardan biri də odur ki, insanlar ermənilərlə birgəyaşayışın necə olacağını, hansı fəsadlar verə biləcəyindən narahatdırlar. Bu barədə siz nə düşünürsünüz?

-Bu asan olmayacaq. Hər iki tərəfdən xeyli ailə üzvlərini itirib. Azərbaycan vətəndaşları hər bir itirilən şəhidi ailə üzvü hesab edir. Onların ölümündə birbaşa Ermənistan rəhbərliyi və onun işğalçı əsgərləri günahkardır. Erməni ailələri, anaları, bacıları, ataları və ümumən Erməni vətəndaşları da özgə torpaqlarına işğalçı əsgər göndərməklə, onları dəstəkləməklə şovinizm, separatçılıq millətçilik və ədalətsizlik nümayiş etdiriblər.
İndi  onlarla  birgəyaşayış  çox  çətindir, amma başqa yolumuz da yoxdur. Gərək gözümüzü yumaq və gözləyək görək zamanla yaralarımız sağalarmı? Gərək ermənilər düşünsün ki, onlar gəlib bizim gözümüzün içinə necə baxacaqlar? Bizimlə neçə qonşu evdə yaşayacaqlar? Heç utanacaqlarmı, qızaracaqlarmı? Mən şəxsən inanmıram. Onların yerinə başqası olsa, heç geri qayıtmazdı. Axı hansı üzlə qayıdacaqlar? Azərbaycan pasportu daşımaq, mobil telefonunun ektranında “Qarabağ Azərbaycandır” yazısını görmək, hər yerdə bizim dilimizdə yazıları oxumaq onlara xoş olacaqmı? Bir yandan da, cəhənnəmə xoş olmasın.

Z.Məmmədli